9 İyul 2019
Mətni dəyiş
Türkiyədə iqtidar partiyası AKP-nin qurucularından biri olan, keçmiş nazir Ali Babacan AKP-dən istefa verdiyini bəyan edib. Bu gün istefası ilə bağlı danışan Babacan yeni bir partiya yaradacağını da dilə gətirib. O deyib ki, "Türkiyənin bu günü və gələcəyi üçün yeni bir fəaliyyətə başlamaq qaçınılmaz hala gəlib".
Ali Babacanın mətbuat üçün yayımladığı bəyanatda deyilir ki, o 14 avqust 2001-ci ildə AKP-nin qurucu heyətində olub və 14 il ərzində partiyada rəhbər vəzifələrdə çalışıb, nazir olub və bütün bu zaman ərzində partiyanın dəyərlərinə inanıb, o dəyərləri müdafiə edib. Babacan son illər partiya ilə "əqli və mənəvi ayrılış" hiss etdiyini dilə gətirib. İndiyə qədər partiyanın inandığı dəyərlər və qoyulan yola zidd yolda olduğunu, bu səbəbdən dərin fikir ayrılığı yaşadığını deyib.
Ali Babacan həmçinin Türkiyə üçün tamamilə yeni bir gələcək yol xəritəsi cızılmasına ehtiyac duyulduğunu, ölkənin hər sahədə doğru analizlər, yenidən düşünülmüş stratejilər, planlar, proqramlarla hərəkət etməsi gərəkdiyini ifadə edib.
Xatırladaq ki, Türkiyədə may ayında keçirilmiş Bələdiyyə seçkilərində AKP-nin əsas böyük şəhərləri, həmçinin İstanbulu müxalifətə uduzmasından sonra partiya daxilində qırılma yaranmış, partiyanın qurucularından və görkəmli simalarından olan Ali Babacan, Ahmet Davutoğlu, Abdullah Gülün partiyadan uzaqlaşaraq bir neçə yeni partiya quracaqları ilə bağlı xəbərlər yayılmağa başlamışdı.