19 İyul 2019
Mətni dəyiş
Ermənistanla sərhəddə Azərbaycan mövqelərinin atəşə tutulması və sərhədçi Ceyhun Bayramovun yaralanması ATƏT-in Minsk Qrupu həmsədrlərinin sülh çağırışına tamamilə ziddir. Bu barədə Azərbaycan XİN mətbuat katibi Leyla Abdullayeva dünən sərhəddə baş vermiş insidenti şərh edərkən "Turan İA"-nə bildirib.
L. Abdullayeva diqqəti ona yönəldib ki, Ermənistanın baş naziri Nikol Paşinyan münaqişənin həlli üzrə danışıqların konkret nəticə verməsi üçün Ermənistan və Azərbaycan xalqlarının maraqlarına cavab verən həllin əldə olunmasının vacibliyindən bəhs edib. Bu bəyanatın verilməsindən bir neçə saat sonra Ermənistan-Azərbaycan sərhəddində sözügedən insident baş verib. Həm də hadisə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində deyil, məhz Ermənistan-Azərbaycan sərhəddində baş verib.
"Belə olduğu halda, Ermənistan rəhbərinin sülh və münaqişənin həlli ilə bağlı dediklərinə necə inanmaq olar?! Baş vermiş hadisə ATƏT-in Minsk Qrupu həmsədrlərinin əhalilərin sülhə hazırlanması ilə bağlı məlum çağırışına tam şəkildə ziddir", - L.Abdullayeva vurğulayıb.
"Ermənistan rəhbərliyi, nəhayət, anlamalıdır ki, həm Ermənistan, həm də Azərbaycan xalqlarının marağında olan əsas məsələ bölgədə davamlı sülh və rifahın təmin olunmasıdır. Buna nail olmağın yeganə yolu isə hərbi işğal faktorunun aradan qaldırılması, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsi və bu ərazilərdən didərgin salınmış məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasıdır. Yalnız bundan sonra bölgədə hər iki xalqın marağına cavab verən dayanıqlı sülh, inkişaf və tərəqqi təmin olunacaq", - Azərbaycan XİN rəsmi nümayəndəsi bildirib.