25 İyul 2019
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Gözəl Bayramlı iyulun 25-də ümumvətəndaşlıq pasportu alıb. Bu barədə G.Bayramlı öz Facebook səhifəsində yazıb.
"Nəhayət, bu gün pasportumu aldım. Məsələyə cəmiyyətin sərt reaksiyası öz təsirini göstərdi",- o qeyd edib.
G.Bayramlı pasport almaq üçün lazımi sənədləri Bakının Bakıxanov qəsəbəsində yerləşən Asan Xidmətə təqdim etməsinə baxmayaraq, iyulun 24-də ona pasport verməkdən imtina edildiyi bildirilib.
AXCP sədrinin müavini ona pasport verməkdən imtina edilməsini siyasi fəaliyyətimə görə düşünülmüş qisasçılıq kimi qiymətləndirib.
Gözəl Bayramlı 2017-ci il mayın 25-də Gürcüstandan qayıdarkən saxlanılıb. Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. Rəsmi açıqlamada iddia olunur ki, Gürcüstandan qayıdarkən G.Bayramlının əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapılıb. Bu ittihamla o, Qazax Rayon Məhkəməsinin hökmüylə 3 il azadlıqdan məhrum edilib.
G.Bayramlı ittihamı qəbul etmir. Məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır. O, Gürcüstana müalicə məqsədilə getdiyini, son iki ildə Gürcüstanda dörd dəfə əməliyyat olunduğunu bildirib.
AXCP sədrinin müavini bu il martın 16-da prezidentin əfv sərəncamı ilə həbsdən azad edilib.