İyulun 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim İradə Həsənovanın sədrliyi ilə Müsavat Partiyasının fəalı Azad Həsənova qarşı cinayət işi üzrə məhkəmə prosesi yenidən iyulun 22-dək təxirə salınıb.
Hakim bildirib ki, məhkəmənin təxirə salınmasına səbəb Bakı şəhər Baş Polis İdarəsinin məhkəmənin sorğusuna hələ cavab verməməsidir.
Vəkil Osman Kazımov məhkəməyə etirazını bildirərək deyib ki, 6 şahidin dindirilməsinə və 2 vəsatətə görə müxalifət fəalının məhkəməsi artıq 180 gündür davam etdirilir. O, polis idarəsinin məhkəmənin sorğusuna məhəl qoymadığını deyib.
Səbəbsiz olaraq məhkəmənin uzadılmasına etiraz edən Azad Həsənov elə məhkəmə zalında aclıq aksiyasına başladığını elan edib.