"Son dönəmdə Azərbaycan üzərində baş verən olaylar dövlət müstəqilliyimiz və suverenliyimizdən ciddi narahatçılıq keçirməyə əsas verir".
Bu fikirlər son günlər Azərbaycanda baş verən hadisələrlə bağlı Vətəndaş Həmrəyliyi Partiyasının yaydığı bəyanatda deyilir.
Açıqlamada bildirilir ki, Gürcüstanla sərhəddə Keşikçidağ qalmaqalı, Azərbaycan səmasında məhv edilən hərbi təyyarəmiz, Ermənistan hakimiyyətinin son Qarabağ şousu, Cənub və Qərb dövlət sərhədlərimizdə intensivləşən silahlı toqquşmalar heç də xoş olmayan bir geopolitik durumdan xəbər verir.
"Bütün bunların fonunda cəmiyyətin laqeyidliyi, hadisələrə nə ictimai-siyasi qüvvələr, nə vətəndaş cəmiyyətləri, nə də sadə toplum tərəfindən reaksiya verilməməsi ikiqat narahatçılıq və təşviş doğurur. Sanki Azərbaycan daxilində hər kəsin milli maraqlar hissini məhv edərək, ölü bir mühit yaradılıb və gələcək daha böyük fəlakətlərdən öncə bu ölülüyü yoxlamaq üçün hansısa qüvvələr məşq edirlər".
Partiyanın bəyanatında deyilir ki, belə bir durumda isə ölkənin əksqütblü siyasi qüvvələrinin bir birinə qarşı xüsusi aqressiya göstərməsi, bir tərəfdən əxlaqa uyğun olmayan təhqirlərin səslənməsi, digər tərəfdən qüvvələrin daxili müxalifətə qarşı səfərbər olunmasına çağırış edilməsi yalnız və yalnız Azərbaycana qarşı yönələn qara planların icrasına yardım etmiş olur.
"Bu gün milli birlik və vətəndaş həmrəyliyi Azərbaycan üçün heç vaxt olmayacaq qədər vacibdir. Siyasi, dini baxışından, sosial durumundan, ictimai mövqeyindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının istiqlal və ərazi bütövlüyü uğrunda bir cəbhədə olması tək zamanın tələbi yox, həm də yeganə qurtuluş yolumuzdur".
Açıqlamada bildirilir ki, Vətəndaş Həmrəyliyi Partiyası Azərbaycan üzərində qurulan planların ciddi təhlil edilərək baş verənlərə ümummilli etiraz gücünün ortaya qoyulmasını vacib sayır.
"Unutmayaq ki, iqtidar və müxalifətin, varlı və kasıbın, ziyalı və sadə vətəndaşın varlığı ilk növbədə Azərbaycanın varlığına bağlıdır".