Gürcüstan Xarici İşlər Nazirliyi Keşikçidağ (David-Qarece) monastır kompleksi ətrafındakı vəziyyətlə bağlı yeni açıqlama verib.
İyulun 30-da keçirilən mətbuat konfransında xarici işlər nazirinin müavini Laşa Darsaliya bildirib ki, iyulun 14-də yerli sakinlərlə Azərbaycan sərhədçiləri arasında Keşikçidağ ətrafında baş vermiş insident “hər iki ölkənin sərhəd xidmətinin təxirəsalınmaz və birgə fəaliyyəti” nəticəsində tezliklə aradan qaldırılıb.
"Həmin insidentdən sonra Azərbaycan tərəfi həmin sahədə sərhədçilərin sayını artırıb və onların nəzarətindəki əraziyə maddi-texniki dəstək göstərmək üçün müvəqqəti infrastruktur qurub. Gürcü sərhədçilərinin də sayı həmin istiqamətdə artırılıb".
Nazir müavini deyib ki, turistlərin, yerli sakinlərin və zəvvarların monastır kompleksinə hərəkəti təhlükəsizlik baxımından və yeni insidentlərin baş verməməsi üçün müvəqqəti dayandırılıb.
Laşa Darsaliyanın sözlərinə görə, insidentə qədər kompleksə gediş-gəlişə məhdudiyyətlərlə də olsa yol verilirdi.
"Lakin iyulun 14-dən sonra vəziyyət mürəkkəbləşib. Həmin istiqamətdə sərhəd xidmətləri tərəfindən insidenti yoluna qoymaq və vəziyyəti normal məcraya qaytarmaq üçün fəal danışıqlar aparılır".
Nazir müavini deyib ki, sərhədlərin delimitasiyası məsələsində iki ölkə hökumətləri fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, bütün aidiyyatı strukturlar iki ölkənin birgə komissiyasının işində iştirak edir.
"Delimitasiya və demarkasiya üzrə birgə komissiyanın Bakıda may ayında keçirilmiş iclasında ekspertlərin sərhədin həmin istiqamətində işləməsi qərarlaşdırılıb. Ekspertlərin bu məqsədlə ilk görüşü avqustun 19-23-nə təyin edilib".
"Güc birlikdədir" adlı hərəkatın qurucularından olan David Katsarava da bildirib ki, iyulun 14-də baş vermiş insidentdən sonra monastır kompleksinə gedən yollar bağlanıb
"Azərbaycan tərəfinin bəyanatlarının məzmunu sərtləşib. Azərbaycanlılar təcili rejimdə ikinci baza açıblar və sərhədçilərin sayını ən azı 3 dəfə artırıblar, bizim sərhədçilərin sayı isə əslində artmayıb".