"Müdafiə Nazirliyinə məxsus MiQ-29 hərbi təyyarəsi Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot Rəşad Atakişiyev xəsarət alıb".
Bu sözlər hərbi təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı Müdafiə Nazirliyinin açıqlamasında deyilir.
Nazirliyin məlumatına görə, iyulun 24-də gecə saatlarında qəzaya uğramış döyüş təyyarəsinin uçuşun bort qeydiyyatçısındakı ("qara qutu"dakı) məlumatlar mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib.
"Qara qutu"dan əldə edilən məlumatlara əsasən, pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb", - qurumdan bildiriblər.
Qəzanın səbəblərinin müəyyən edilməsi ilə bağlı yaradılmış komissiyanın gəldiyi son rəyə görə "təlim-məşq uçuşlarına cəlb edilmiş təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub".
İyulun 24-də Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi təlim-məşq uçuşları keçirərkən radarlardan yoxa çıxıb.
Müdafiə Nazirliyi qəzaya uğramış təyyarənin, ilkin ehtimala görə, Xəzər dənizinə düşdüyü barədə məlumat yaymışdı.
Hərbi Prokurorluq Hərbi Hava Qüvvələrinə aid təyyarənin qəzaya uğraması ilə bağlı "qulluğa səhlənkar yanaşma ağır nəticələrə səbəb olduqda, habelə müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə" maddəsi ilə cinayət işi başladıb.
Bu qəza Azərbaycan Hərbi Hava qüvvələrinə məxsus MiQ-29 təyyarəsinin qəzaya uğraması ilə bağlı ikinci belə haldır.
Hərbi pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin nəşi çərşənbə axşamı Xəzər dənizindən çıxarılıb.
Hərbi Hava Qüvvələrinin "MiQ-29" təyyarəsinin pilotu Rəşad Atakişiyev çərşənbə günü ikinci Fəxri xiyabanda dəfn edilib.