Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsi qanunsuz narkotik dövriyyəsində ittiham olunan Müsavat Partiyasının fəalı Azad Həsənov barəsində hökmü oxuyub.
Prokuror ittihamı daha yüngül maddəyə - 234.1-ci (şəxsi istifadə üçün yol verilən normadan artıq narkotik maddənin qanunsuz döviyyəsi) maddəyə tövsif edilməsini və fəalın 1,5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini təklif edib.
Məhkəmə fəala 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edib. Bu zaman məhkəmə son iki ay beş günlük müddəti şərti cəza ilə əvəz edib. Fəal məhkəmə zalında azad edilib.
Həsənov Turan-a bildirib ki, hökmlə razı deyil, onu Müsavat Partiyasının sıralarında müxalif fəaliyyəti ilə əlaqədar verilmiş ədalətsiz və siyasi motivli qərar hesab edir. Həsənov hökmdən şikayət verəcək. Eyni zamanda, o, ailəsinə qovuşmaq üçün ölkədən çıxış hüququnun təmin edilməsinə nail olmaq niyyətindədir.
Azad Həsənov 2014-cü ildən Litvada siyasi mühacirətdə idi. 2018-ci il oktyabrın 11-də o, atasının ağır xəstəliyi ilə əlaqədar Bakıya qayıdıb və elə həmin gün saxlanılıb. Ona qarşı CM-in 234.4.3-cü (böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi) maddə ilə ittiham irəli sürülüb. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.