5 Sentyabr 2019
Mətni dəyiş
Hər il Avropada 290 mindən çox adam alkoqola bağlı səbəblərdən dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2019-cu ildə Avropanın 30 ölkəsində alkoqol istehlakı, bunun ziyanları və hansı işlərin görülməli olması barədə hesabat açıqlayıb.
Avropa Birliyi ölkələri üstəgəl Norveç və İsveçrədə yaşı 15 və yuxarı hər bir yetkin yaşlının həftədə ortalama 2 şüşədən artıq şərab içdiyi bildirilir. Ancaq heç vaxt içməyənləri və keçmişdə içki qəbul edənləri bu siyahıdan çıxaranda aydın olur ki, böyüklər həftəyə 3 şüşədən çox şərab içirlər. Bu isə səhhətdə ciddi fəsadlara yol açır.
Hərdən, ancaq çox içmək də problem olaraq qalır. Əhalinin 30,4%-i deyib ki, son 30 gündə bir dəfəyə 60 qramdan artıq təmiz alkoqol qəbul edib. Bu isə bir dəfəyə 5 qədəhdən artıq içki deməkdir. Bu ziyanlı vərdiş daha çox kişilər (47.4%) arasında yayılıb, nəinki qadınlar (14.4%) və Baltik ölkələri, Çexiya respublikası, Luksemburq üçün xarakterikdir.
2010-2016-cı illərdə AB+ ölkələrində adambaşına təmiz alkoqol istehlakında dəyişikliklər baş verib, 17 ölkədə azalma, 13-də artım qeydə alınıb. Adambaşına istehlak ən çox Rumıniyada (–2,4 litr), Xorvatiyada (– 2,3 litr) və Finlandiyada (– 1,9 litr) azalıb.
Latviyada (+1.3 litr), Sloveniyada (+1,2 litr) və Maltada (+1,1 litr) isə adambaşına alkoqol istehlakı yüksəlib.
Avropanın əksər ölkələrində alkoqola bağlı ölüm halları azalsa da, 7-də bu səbəbdən ölüm yüksək olaraq qalır. Bolqarıstanda 10%-dən artıq yüksəliş var.
Alkoqol səbəbindən ölüm göstəricisi yalnız Bolqarıstanda yüksəlib, Malta, İsveç, Belçika, Yunanıstan kimi ölkələrdə isə 10%-dək yaxşılaşma var.