Bu gün, sentyabrın 16-da Müsavat Partiyası Divanının növbəti iclası keçirilib.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda əvvəlcə qərarların icrası və görülən işlər bölümündə Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı Şəhidlər Xiyabanında keçirilmiş anım tədbiri haqqında məlumat verilib və yüksək qiymətləndirilib.
Gündəliyin partiyadaxili məsələlər bölümündəpartiyanın IX qurultayına hazırlıq işləri müzakirə edilib. Ötən müddət ərzində rayon təşkilatlarında qurultaya nümayəndələr seçilməsi üzrə keçirilmiş yığıncaqlar haqqında məlumat verilib. Qeyd edilib ki, rayon və şəhər təşkilatlarının əksəriyyətində müvafiq yığıncaqlar keçirilib və qurultaya nümayəndələr seçilib.
Divan qurultaya hazırlıq işlərinin əsasən başa çatdığını nəzərə alaraq, qurultayın 12 oktyabr tarixinə təyin edilməsi barədə qərar qəbul edib. Divan qurultayın keçirilməsi üçün yer ayrılması barədə hakimiyyət orqanlarına müvafiq müraciətin hazırlanmasını Mərkəzi İcra Aparatına həvalə edib.
Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə bu günlərdə hökumətin keçirdiyi Dəyirmi Masa haqqında fikir mübadiləsi aparılıb. Müsavat Partiyasının həmin tədbirdən imtina etməsinin doğru qərar olduğu bir daha vurğulanıb.
Divanda ölkədə, regionda və dünyada baş verən hadisələr və gedən proseslər haqqında ətraflı fikir mübadiləsi aparılıb.
Sonda cari məsələlərə baxılıb.