Müxalifət seçki müzakirələrinə başlayıb

Müxalifət seçki müzakirələrinə başlayıb
7 Sentyabr 2019
Mətni dəyiş

Sentyabrın 6-da Müsavat Partiyasının qərargahında bir sıra müxalif partiyaların seçkilərlə bağlı toplantısı keçirilib.

Toplantıda (dəyirmi masa) Müsavat, Azərbaycan Xalq Cəbhəsi, REAL partiyalarının nümayəndələri və ekspertlər iştirak ediblər.

Bu il Azərbaycanda bələdiyyə, 2020-ci ildə isə parlament seçkiləri keçirilməlidir.

"Azad və ədalətli seçkilər yalnız demokratik seçkiqabağı vəziyyət yaranması şərti ilə keçirilə bilər. Bu, seçki qanunvericiliyinin demokratikləşdirilməsini, bərabər siyasi rəqabət mühitinin yaradılmasını nəzərdə tutur", “ Turan” agentliyinin xəbərinə görə, görüşü açan Müsavat Partiyasının başqanı Arif Hacılı qeyd edib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Məclis sədri Nurəddin Məmmədli də deyib ki, partiyası ölkədə demokratik mühit yaranmasından ötrü digər siyasi qüvvələrlə birgə hərəkət etməyə hazırdır.

"Biz birləşməli və hakimiyyəti ədalətli seçkilər keçirməyə məcbur etməliyik…", deyə o qeyd edib.

O, AXCP-nin seçkiləri boykot etməyə çağırdığı haqqında iddiaları təkzib edib.

Agentliyinin xəbərinə görə, REAL Partiyasının icraçı katibi Natiq Cəfərli isə vurğulayıb ki, vətəndaşların seçkilər prosesinə etimadını qaytarmaq lazımdır. O deyib ki, hakimiyyətin qanunvericiliyi dəyişdirəcəyinə və proporsional sistemin tətbiqinə razılaşacağına inanmır.

"Bu vəziyyətdə biz nə etməliyik? İnsanların seçkilərə inamını qaytarmalı və onları mitinqlərə deyil, səsvermə məntəqələrinə getməyə çağırmalıyıq. Biz illərlə 100 min nəfəri mitinqlərə çıxara bilmiriksə, ağıllı səsvermə strategiyası hazırlamalı və seçki institutlarını bərpa edərək, insanları seçkilərə çağırmalıyıq", deyə o bildirib.

Müsavat Partiyasının təklifləri

Dəyirmi masa iştirakçılarına Müsavat Partiyası da bir layihə təqdim edib.

Sənəddə qeyd edilib ki, azad və ədalətli seçkilər yalnız seçkiqabağı demokratik mühit, belə seçkilərin keçirilməsinə imkan verən seçki qanunvericiliyi, bərabərhüquqlu siyasi rəqabət şəraitində mümkündür.

Layihə müəllifləri hesab edirlər ki, fundamental insan hüquqları, o cümlədən sərbəst toplaşma, söz və ifadə azadlığı təmin edilməlidir.

Onların fikrincə, bütün siyasi məhbuslar buraxılmalıdır.

“Zəruri seçki islahatları məqsədi ilə Ümumxalq Referendumu keçirilsin. Proporsional seçki sistemi bərpa olunsun. Parlament üzvlərinin sayı yarısı proporsional, yarısı mojaritar dairələrdən seçilməklə 201 nəfərədək artırılsın…” deyə sənəddə yazılıb.

Layihə müəllifləri habelə hesab edirlər ki, seçki komissiyalarının tərkibi paritet əsaslarla formalaşdırılmalıdır.

Müzakirələrin davam etdirilməsi qərara alınıb.

Hakimiyyət rəsmiləri nə deyir?

Dəyirmi masa iştirakçılarının səsləndirdiyi fikirlərə və təklif edilən layihəyə, hələlik, hakimiyyət təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma onlar bir qayda olaraq hesab edirlər ki, ölkədə bütün fundamental azadlıqlar qorunur. Hakimiyyət rəsmilərinin fikrincə, Azərbaycanda seçkilərin azad və ədalətli keçirilməsindən ötrü bütün imkanlar var. Üstəlik, onlar ölkədə siyasi məhbusların olması fikrini də qəbul etmirlər. Hakimiyyət rəsmilərinə görə, siyasi məhbus sayılan şəxslər məhz törətdikləri əmələ görə, məsuliyyətə cəlb ediliblər.

Xatırlatma

Azərbaycanda mövcud seçki komissiyaları üçdə bir prinspi ilə formalaşıb. Qalan iki hissəni isə parlamentdə azlıqda olan partiyalar və bitərəflər formalaşdırır.

Azərbaycanın seçki qanunvericiliyinə görə, 125 deputatın hamısı majoritar qaydada seçilir.Belədə namizdlik fərdi qaydada verilir və çoxluğun səsini qazanan qalib olur. 2002-ci ilə qədər isə deputat yerlərindən 25-i proporsional ( partiya siyahısı ilə) qaydada seçilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun