Meksika prezidenti Andres Manuel Lopez Obrador bu yaxınlarda İngiltərə məhkəməsi tərəfindən ABŞ-a ekstradisiya tələbi ləğv edilən Wikileaks saytının yaradıcısı Culian Assanca siyasi sığınacaq haqqı vermək üçün İngiltərə hökümətinə müraciət edəcəyini bildirib.
Obrador təşkil etdiyi mətbuat konfransında Assancın ABŞ-a ekstradisiya tələbinin rədd edilməsini alqışlayıb və bunu "ədalətin zəfəri" adlandırıb.
Assancın həbsdən azad olunmasının tərəfdarı olduğunu deyən Obrador bildirib ki: "Assancın azadlığa çıxması və Meksikanın ona siyasi sığınacaq təklif etməsi üçün Xarici İşlər nazirliyimiz İngiltərə hökümətinə müraciət edəcək".
Assancın əfv edilməsi və azad edilməsi çağırışını edən Obrador ölkəsinin Assanca sığınacaq verəcəyini və onu qoruyacağını vurğulayıb.
Xatırladaq ki, dünən məhkəməsi olan Assanc ingilis hakim Vanessa Baraitserə məhkəmə zamanı ABŞ-a veriləcəyi təqdirdə intihar edəcəyini demişdi. Bunu əsas gətirərək hakim Assancın ekstradisiyasını ləğv etmişdi.
ABŞ London yaxınlığındakı Belmarsh həbsxanasında saxlanılan 49 yaşlı Assancın kompyuter hackerliyi və casusluqdan, habelə digər 18 cinayət əməlindən mühakimə etmək üçün İngiltərədən ABŞ-a ekstradisiyasını istəyirdi.
Ekstradisiya ediləcəyi təqdirdə ABŞ-da 175 ilə qədər həbs cəzası ala biləcəyi söylənilən Assancın tərəfdarları və vəkilləri onun fəaliyyətinin jurnalistika fəaliyyəti olduğunu və ona qarşı ittihamların siyasi məqsəd daşıdığını demişdilər.