Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün vacibdir"

Qafar Çaxmaqlı: "Erməni dilini bilmək ermənilərlə işləmək üçün vacibdir"
6 Yanvar 2021
Mətni dəyiş

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi həm kurslarda tədris vəsaiti kimi istifadə olunması, həm də fərdi olaraq bu dili öyrənmək istəyənlər üçün Hatəm Cabbarlının müəllifliyi ilə “Erməni dili” müstəqil tədris üçün vəsait nəşr etdirib. Bu nəşrdə erməni dili beş hissə və 32 dərsdən ibarətdir. Dərs vəsaitində mövzulara uyğun olaraq 182 çalışma, 54 oxu mətni və onlara aid lüğət verilib. Bəs görəsən, erməni dilinin öyrənilməsi azərbaycanlılar üçün nə kimi üstünlüklər verə bilər və yetərincə öyrənilirmi?

Abzas.net məsələ ilə əlaqədar Türkiyənin Erciyes Universitetinin professoru, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin sədri Qafar Çaxmaqlı Mehdiyevlə danışıb.

Qafar Çaxmaqlı deyir ki, bizim hələ Ermənistanla həm ideoloji, həm də diplomatik davamız uzun çəkəcək, ona görə bu dili öyrənməliyik.

Onun sözlərinə görə, Ermənistan bizimlə düşmənçilik edir, ona görə də biz Ermənistanı öyrənmə mərkəzləri yaratmalıyıq. Erməni dili bilmədən də belə mərkəzlər mükəmməl yaradıla bilməz.

Qafar Çaxmaqlının deyir ki, erməni dilində xeyli tarixi mənbələr var və o mənbələrin əsas hissəsi bizim xeyrimizədir. Biz bu dili bilsək, Ermənistanın Azərbaycana qarşı yalan və böhtan xarakterli fikirlərini tarixi faktlarla ifşa edə bilərik. Məlum olacaq ki, Ermənistan bizə aid bütün dini, mədəni abidələri saxtalaşdırıb.

Onun fikrincə, Ermənistanın qədim kökləri olan tarixi və mədəniyyəti yoxdur. Bizim mədəniyyətimizin əsasında Sovet İttifaqı vaxtı qurulmuş bir mədəniyyətləri var. Erməni dilini bilməklə, biz araşdırıb, bunları ortaya qoya bilərik.

"Mən bir kitab yayımlatdım Türkiyədə türk və ingilis dillərində. Anastas Mikoyanla bağlı. Onun bizim xeyrimizə olan fikirləri var. Dağlıq Qarabağla, Zəngəzurla bağlı Leninə göndərdiyi bir raport var. O, raportda həm Zəngəzurun, həm də Dağlıq Qarabağın Azərbaycanda qalmasının tərəfdarı kimi çıxış edib. Bundan başqa, "Böyük Ermənistan" ideyasının provokasiya olduğunu deyən fikirləri var.  Belə müəlliflər indi də var. Biz bu dili bilsək, belə müəlliflər tapıb ermənilərin öz dili ilə onların etdikləri cinayətləri ortaya qoya bilərik. Birinci Qarabağ müharibəsində terroristlik edən ermənilərin xatirələri və başqa bir çox şey var. Bu dili bilməklə biz onları tərcümə edib, bizim oxuculara da çatdıra bilərik", - deyə Qafar Çaxmaqlı bildirib.

Professor deyir ki, erməni dilini bilmək həm də ermənilərlə işləmək üçün vacibdir.

Onun sözlərinə görə, gələcəkdə Azərbaycan vətəndaşlığını qəbul edib Qarabağda qalacaq ermənilərlə işləmək üçün, onlara müraciət etmək üçün bu dili bilmək lazımdır.

"Mən erməni dilində verlişlərin, yayımların, radio buraxılışlarının əleyhinə deyiləm, bunlar olmalıdır. Biz Azərbaycan həqiqətlərini bu yolla Ermənistana eşitdirməliyik. İndiki məqamda bunu nə qədər edə bilirik, bu sual altındadır. Güman edirəm ki, kurslar açmaqla bu dediklərimi həyata kemirmək mümkün deyil. Bununla bağlı ciddi strateji xətt olmalıdır", - deyə Türkiyənin Erciyes Universitetinin professoru, Müstəqil Araşdırmaçı Jurnalistlər Liqası İctimai Birliyinin sədri Qafar Çaxmaqlı Mehdiyev bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun