Mesajlaşma tətbiqi olan Teleqram Feysbuk, İnstaqram və Vatsapda problem yaşanmasından sonra 70 milyon yeni istifadəçi qazanıb.
Bazar günü Feysbuk, İnstaqram və Vatsapda yaranan problemdən sonra, 3,5 milyard insan 6 saat ərzində bu tətbiqlərdən istifadə edə bilməmişdi.
Teleqramın qurucusu Pavel Durov bildirib ki, nasazllıq bu şəbəkələrin istifadəçilərini Teleqrama yönləndirib.
"Böyümə sürətimiz digər günlərlə müqayisədə rekord dərəcədə artdı. Bir günün içində digər şəbəkələrdən gələn 70 milyon "qaçqına" qucaq açdıq", - deyə o, bildirib.
Pavel Durov bildirib ki, digər qitələrə nisbətən Amerikadan qatılanlar daha çox olduğuna görə proqramın fəaliyyətində kiçik yavaşlama olsa da, ümumilikdə ciddi bir problem olmayıb.
Feysbuk, İnstaqram və Vatsap təkcə yaxınları, ailələri birləşdirən platforma olmadığına, həm də biznes məqsədi ilə geniş istifadə edildiyinə görə, proqramların 6 saat işləməməsi bir çox iqtisadi problemlərə də yol açıb.