8 Noyabr 2021
Mətni dəyiş
Qadın haqları müdafiəçisi və universitetdə təhsil işçisi olan 29 yaşlı Frozan Safi Əfqanıstanın şimalında vurularaq öldürülüb. Frozan Safinin cəsədi oktyabrın 20-də Məzar-i Şərif şəhərində bir morqda tapılıb. Safinin həkim olan bacısı Rita bildirib ki, onu libasından tanıyıblar. “Güllələr üzünü məhv etmişdi”, deyə Rita bildirib.
“Hər yerində güllə yaraları var idi. Sayılmayacaq qədər çox idi. Başında, ürəyində, sinəsində, böyrəklərində və ayaqlarında”, mərhumun bacısı əlavə edib.
“The Guardian” qəzetinin məlumatına görə, bölgədə həkimlik edək Meraj Faruki cümə axşamı günü Taliban yaraqlılarının vurularaq öldürülən naməlum iki qadının cəsədini Bəlx əyalət xəstəxanasına gətirdiyini, polisin isə araşdırmaya başladığını deyib.
Əfqanıstanda ABŞ-ın geri çəkilməsindən sonra Taliban yeni hökumətin qurulduğunu açıqlayıb, qızların təhsil almasını qadağan edib. Talibanın keçmişdə Əfqanıstanda hakimiyyətdə olduğu dövr qadınlara qarşı qəddar qaydalar və cəzalarla xatırlanır. Avqust ayından bəri bütün Əfqanıstan boyu qadınlar etiraz aksiyaları keçirərək Talibandan hüquq və azadlıqlarının geri qaytarılmasını tələb edirlər.