25 Noyabr 2021
Mətni dəyiş
Şair və dissident Aron Atabek 68 yaşında Almatı xəstəxanasında dünyasını dəyişib. Bu məlumatı “Azadlıq” radiosunun qazax xidmətinə onun bacısı Raziyə Nutuşeva təsdiqləyib.
Onun sözlərinə görə, Aron Atabek saat 20:00 radələrində şəhər xəstəxanalarından birində dünyasını dəyişib.
Barəsində Şanırak hadisələri zamanı iğtişaşlar təşkil etmək ittihamı ilə 18 il həbs cəzası çıxarılan Aron Atabek 15 ildən sonra, 2021-ci il oktyabrın 1-də azad edilib. Atabəyin qalan müddəti “azadlığın şərti məhdudlaşdırılması” ilə əvəzlənib. Məhkəmə azadlıqdan məhrumetmə cəzasının daha yüngül cəza növü ilə əvəz edilməsi barədə qərarı dissidentin sağalmaz xəstəliyi ilə əlaqədar qəbul edib.
Azadlığa çıxandan sonra Atabek deyib ki, onu həbsxanadan “aldadaraq” çıxarıblar: ona Almatıya göndərildiyini deməyiblər. Özü də şərti azadlıq və ya cəzanın dəyişdirilməsini istəməyib, çünki bunun təqsirin etirafı anlamına gələcəyinə inanıb və qəti şəkildə rədd edib. O, yalnız tam bəraət hökmü çıxarıldıqdan və ya cəzasını sona qədər çəkdikdən sonra həbsxananı tərk edəcəyini bildirib.
Atabekin sözlərinə görə, o, sağlamlığını döyülmə, işgəncə və məruz qaldığı ağır həbs şəraiti nəticəsində həbsxanada itirib. Sərbəst buraxıldıqdan bir neçə həftə sonra Atabəkin koronavirus pnevmoniyası fonunda vəziyyətinin daha da ağırlaşdığına görə reanimasiyaya yerləşdirildiyi bəlli olub. O, oktyabrın 20-dən xəstəxanada olub.
Aron Atabekin adı qazaxıstanlı hüquq müdafiəçilərinin 2013-cü ildən tərtib etdikləri siyasi məhbuslar siyahısındadır. ABŞ Dövlət Departamentinin Qazaxıstanda insan haqlarının vəziyyəti ilə bağlı hesabatında deyilir ki, Atabek də siyasi motivlərlə həbs edilən 20-dən çox insandan biridir.