26 Noyabr 2021
Mətni dəyiş
Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovun vəziyyəti aclıq aksiyasının 21-ci günündə həddindən artıq ağır olaraq qalmaqdadır.
Bu barədə onun vəkili Bəhruz Bayramov Penitensiar Xidmətin Müalicə Müəssisəsində müvəkkili ilə görüşündən sonra bildirib.
"Saleh Rüstəmovla şüşə arxasından görüşdük və telefonla danışdıq. O, hələ də çox zəifdir və güclə dayanırdı, ona görə çox az danışdıq.
Səsi boğuq idi, nitqi dolaşıq idi, məni dərhal başa düşmürdü. Ailə üzvlərinin israrla aclığı dayandırmağı xahiş etdiklərini ona çatdırdım. Saleh qəti etiraz etdi. Onda onların sudan imtina etməmək xahişlərini çatdırdım. O, bu gündən etibarən sudan da imtina etmək niyyətində idi. Bu xahişlə razılaşdı", deyə vəkil bildirib.
Həkimlər Rüstəmovun vəziyyətini "həddindən artıq ağır" olaraq qiymətləndirirlər və "məcburi qidalandırmaya başlamaq məcburiyyətində olduqlarını" deyirlər.
"Amma Saleh mənə deyib ki, onu məcbur etsələr intihar edəcək", deyə vəkil bildirib.
Saleh Rüstəmov 1998-ci ildən Rusiyada yaşayıb.
2018-ci ildə yaxınlarını görmək üçün Azərbaycana gələn Rüstəmov Şəmkirdə saxlanılıb.
Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmova qarşı narkotik ittihamı irəli sürülüb.
İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmov də eyni ittihamla saxlanılıb.
Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, onlar çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. Amma Saleh Rüstəmov ittihamı rədd edib.
O bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub.
Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmov 7 il 3 ay azadlıqdan məhrum edilib.
Vidadi Rüstəmova isə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmovun cəzasını 2 ay azaldıb.
Məhkəmənin hökmündə Saleh Rüstəmovun yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.