ABŞ hökuməti aralarında İsrailin "NSO Group" və "Candiru" şirkətinin də olduğu 4 şirkəti başqa ölkələrə casus proqram təminatı satdığına görə qara siyahıya salıb.
ABŞ Dövlət Departamenti məlumat yayaraq bildirib ki, şirkətlər ABŞ-ın milli təhlükəsizlik və xarici siyasət maraqlarına ziyan vurduqlarına görə qara siyahıya salınıblar.
Qara siyahıya salınanlar İsrailin "NSO Group", "Candiru", Rusiyanın "Positive" "Technologies" və Sinqapurun "Coseinc" şirkətləridir. Departament bildirib ki, şirkətlərin bağlı olduğu ölkələrə qarşı heç bir addım atılmayacaq.
"NSO Group" və "Candiru"-nun siyahıya salınması ilə bağlı əsaslandırmada qeyd olunub ki, bu proqramlar siyasətçilərin, jurnalistlərin, aktivistlərin, diplomatların izlənməsi üçün xarici ölkələrə satılıb. Rusiya və Sinqapura aid şirkətlər isə ABŞ-ın milli təhlükəsizliyinə və xarici siyasət maraqlarına zidd addımlar atmaqda ittiham olunurlar.
Telefonlarına bu yolla casus müdaxiləsi edilmiş jurnalistlərin arasında "CNN", "Associated Press", "Voice of America", "New York Times", "Wall Street Journal", "Bloomberg News", "Le Monde", "Financial Times" və "Al Jazeera" kimi media təşkilatlarının müxbirləri var.
Telefonlarına müdaxilə edilmiş 65 biznesmen, 85 insan haqları müdafiəçisi və 600-dən çox siyasətçinin olduğu məlumdur.
NSO Group şirkətinin müştərilərinin arasında Azərbaycan hökumətinin də adı var. Fransa və Macarıstanda qalmaqalla bağlı cinayət işlərinə başlansa da, rəsmi Bakıdan xəbərlərlə bağlı heç bir şərh verilməyib.