16 Noyabr 2021
Mətni dəyiş
Rusiya peyk əleyhinə silahların sınaqları zamanı sıradan çıxarılan sovet peyki “Kosmos-1408”-i vurub və bu, aşağı Yer orbitində dağıntıların yaranmasına səbəb olub. Bu barədə ABŞ Kosmik Komandanlığı məlumat yayıb.
Bazar ertəsi səhər ABŞ Dövlət Departamenti Rusiyanın kosmosdakı fəaliyyətləri ilə Beynəlxalq Kosmik Stansiya (BKS) üçün təhlükə yaratdığını bildirib.
“Rusiyanın təhlükəli və məsuliyyətsiz davranışı kosmosun uzunmüddətli davamlılığını təhlükə altına qoyur və Rusiyanın kosmik silahlara qarşı mübarizə ilə bağlı bəyanatlarının qeyri-səmimi və ikiüzlü olduğunu açıq şəkildə nümayiş etdirir. ABŞ Rusiyanın məsuliyyətsiz hərəkətinə cavab vermək üçün müttəfiqlərimiz və tərəfdaşlarımızla birlikdə fəaliyyət göstərəcək”, - ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays söyləyib.
Pilot-kosmonavt Aleksandr Lazutkinin sözlərinə görə, uçan kosmik tullantılar BKS və onun ekipajı üçün heç bir təhlükə yaratmayıb.
“Deyərdim ki, bu, hesablanmış gözlənilməz haldır. Yəni, bu halda nə edəcəyimizi bilirik, əgər nəsə olarsa, uçuşu idarəetmə mərkəzi də nə edəcəyini bilir”, pilot-kosmonavt Aleksandr Lazutkin deyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Amerika tərəfinin qorxularını əsassız adlandıraraq, Moskvanın Vaşinqtonla kosmosda əməkdaşlığa dəyər verdiyini və onun rusofobiyanın qurbanı olmayacağına ümid etdiyini vurğulayıb.