24 Noyabr 2021
Mətni dəyiş
AXCP üzvü Saleh Rüstəmov azadlıq tələbi ilə başlatdığı aclıq aksiyasını 19 gündür davam etdirir.
Onunla saxlanıldığı Müalicə Müəssisəsində görüşən vəkili deyir ki, S.Rüstəmovun vəziyyəti kritikdir.
Saleh Rüstəmovun ailəsi istəyir ki, onu həkim Adil Qeybulla müayinə etsin. Adil Qeybulla bildirir ki, uzun müddətli aclıq aksiyası keçirən şəxsin həyatına təhlükə yarana bilər.
Müxalif siyasətçi Tofiq Yaqublu 2020-ci ildə həbsdə keçirdiyi 17 günlük aclıq aksiyasından sonra ev dustaqlığına buraxıldı. O deyir ki, məhkəmə sistemi müstəqil deyil deyə siyasi səbəblərlə həbs olunmuş şəxslər bu etiraza əl atır.
Ailə üzvləri bildirir ki, S. Rüstəmov aclığa başlayandan onun telefon danışığına icazə verilmir.
Saleh Rüstəmov bildirib ki, aclığı azadlığa çıxana qədər davam etdirəcək. Vəkili bildirir ki, 58 yaşlı S.Rüstəmov 26 noyabrdan quru aclığa başlayacağını bildirib.
Rusiya vətəndaşı olan Saleh Rüstəmov AXCP-ni maliyyələşdirmək yoluyla çirkli pulları yumaqda təqsirli bilinib.Saleh Rüstəmov 7 il 1 ay azadlıqdan məhrum edilib.
O, ittihamları qəbul etmir və həbsinin siyasi qərar olduğunu bildirir.
S. Rüstəmovun azadlığa buraxılması üçün QHT nümayəndələri ölkə başçısı İlham Əliyevə müraciət ediblər.Müraciətə hələ ki heç bir cavab verilməyib.