11 Noyabr 2021
Mətni dəyiş
Avropa İttifaqı (Aİ) məhkəməsi texnologiya nəhəngi Google-un alış-veriş xidmətində qarşılaşdırma strategiyasının qaydaları pozduğuna qərar verib və Aİ Komissiyasının şirkətə tətbiq etdiyi 2,42 milyard avro cəriməni qüvvədə saxlayıb.
Mərkəzi ofisi Lüksemburqda yerləşən Aİ-nin ən ali məhkəməsi sayılan Avropa Ədalət Məhkəməsinin strukturuna daxil olan Aİ Ümumi Məhkəməsi Aİ Komissiyasının verdiyi cəriməyə qarşı ABŞ mərkəzli Google-un iddiası ilə bağlı qərar verib.
Məhkəmə Google-un öz müqayisəli alış-veriş xidmətini rəqiblərdən üstün tutaraq dominant mövqeyindən sui-istifadə etməsi ilə bağlı Komissiyanın qərarına qarşı iddiasını rədd edib.
Qərarda “Ümumi Məhkəmə Google-a verilən 2,42 milyard avro cəriməni qüvvədə saxladı” ifadəsi yer alıb. Bu mərhələdən sonra iş hüquqi nəzarət üçün Avropa Ədalət Məhkəməsinə aparıla bilər.
Avropa İttifaqı axtarış sistemində öz alış-veriş xidmətlərinə üstünlük verməsi səbəbi ilə Google-a qarşı istintaq başladıb. 2017-ci ildə Aİ Komissiyası Google-u axtarış sistemi kimi bazardakı hökmranlığından sui-istifadə etdiyinə görə, 2,42 milyard avro cərimələyib və rəqibləri ilə bərabər rəftar etməyi tələb edib.
Google sözügedən cəzaya qarşı hüquqi proses başladıb. Şirkət Aİ-nin cəriməsinin hüquqi və iqtisadi baxımdan yanlış olduğunu müdafiə edib.
Avropa İttifaqının Google-a qarşı cərimələri
2018-ci ildə Aİ Android əməliyyat sistemində bazar hökmranlığından sui-istifadə etdiyinə görə Google-u 4,34 milyard avro cərimələyib.
Aİ həmçinin 2019-cu ildə Google-u AdSense "reklam xidməti"ndə bazardakı üstünlüyündən sui-istifadə etdiyinə görə 1,49 milyard avro cərimələyib.
Aİ Google-u 2017-2019-cu illər arasındakı məhkəmə işlərinə görə ümumilikdə 8 milyard avrodan çox cərimələyib.