Ali Məhkəmənin Plenumu Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması barədə məhkəmə qərarlarını ləğv edib

Ali Məhkəmənin Plenumu Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırılması barədə məhkəmə qərarlarını ləğv edib
13 Noyabr 2021
Mətni dəyiş
Azərbaycan Ali Məhkəməsinin Plenumu Vəkillər Kollegiyasının iddiası üzrə Aslan İsmayılovun vəkillikdən uzaqlaşdırlması barədə yerli məhkəmələrin çıxardığı bütün qərarları ləğv edib. Bu barədə aihmaz.org saytı məlumat yayıb. Məlumatda deyilir ki, İsmayılovun vəkilliyinin bərpası üçün səbəb Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) onun şikayəti üzrə 2020-ci ilin martında qəbul etdiyi qərardır. AİHM-in qərarının icrası üzrə Aslan İsmayılovun işinə yeni açılmış hallar üzrə Ali Məhkəmədə baxılıb. Əvvəlki qərarları ləğv edən məhkəmə, işi yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarıb. AİHM yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəliyi bu haqda AİHM Qərarlarının İcrasına Nəzarət Departamentini məlumatlandırıb. İşə yenidən nə vaxt baxılacağı bilinmir. “Viza” Hüquq Firmasının rəhbəri Aslan İsmayılovun vəkillik fəaliyyətinə 2013-cü ildə xitam verilib. Vəkillər Kollegiyasının İsmayılovun bu qurumdan çıxarılması tələbi ilə iddiasına Nərimanov rayon Məhkəməsində baxılıb, iddia təmin edilib. Məhkəmə əsas göstərib ki, İsmayılov qanunsuz şəkildə hakimlərin otağına daxil olub, təhqirə, təhdidə yol verib. Bakı Apellyasiya Məhkəməsinin qüvvədə saxladığı həmin qərarı, 2014-cü ildə Ali Məhkəmə ləğv edib, apellyasiya instansiyasına qaytarıb. Ancaq Bakı Apellyasiya Məhkəməsi öz qərarını dəyişməyib. Ali Məhkəmə ikinci dəfə İsmayılovun kassasiya şikayətini rədd edib. Aslan İsmayılov daxili müdafiə vasitələri tükəndikdən sonra yerli məhkəmələrin qərarlarından Avropa Məhkəməsinə şikayət edib. AİHM isə müvafiq qərarında İsmayılova münasibətdə ədalətli məhkəmə araşdırması hüququnun pozuntusunu tanıyıb. Avropa Şurası Nazirlər Komitəsi (AŞ NK) AİHM-in Aslan İsmayılov Azərbaycana qarşı qərarının icrasına Namazov Qrupu çərçivəsində nəzarət edir. Bu qrupa AİHM-in Azərbaycanla bağlı 3 qərarı (Elçin Namazov, Xalid Bağırov, Aslan İsmayılov Azərbaycana qarşı qərarları) daxil edilib. Hər 3 qərar ərizəçilərin Vəkillər Kollegiyasından xaric edilmələri ilə bağlıdır. AİHM bu işlərin hamısında vəkillikdən kənarlaşdırılmalarından şikayət edən ərizəçilərin xeyrinə qərar verib. AŞ NK Namazov Qrupuna daxil olan qərarların icra durumunu sonuncu dəfə bu ilin sentyabrında müzakirəyə çıxarıb. Qurumun yekun qərarında keçmiş vəkillərin – Xalid Bağırovun, Elçin Namazovun, Aslan İsmayılovun kollegiyaya bərpa edilməli olduğu vurğulanıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun