19 Noyabr 2021
Mətni dəyiş
Noyabrın 19-da Ali Məhkəmənin Plenumunun iclasında “Nida” Vətəndaş Hərəkatının İdarə Heyətinin 4 keçmiş üzvü – Zaur Qurbanlı, Rəşadət Axundov, Rəşad Həsənov və Üzeyir Məmmədlinin işinə baxılıb. Avropa Məhkəməsinin adları çəkilən şəxslərlə bağlı qərarı əsasında onların işinə baxan Plenum “Nida”-çıların 2013-cü ildə heç bir cinayət törətmədikləri halda, günahsız həbs olunduğu qənaətinə gəlib.
Ali Məhkəmənin qərarına əsasən, dörd nəfər barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilib. Qanunsuz və əsassız həbsdə saxlandıqlarına görə, onlara ümumilikdə 188 min manat təzminat ödənilməsi də qərarda əksini tapıb.
“Nida” Vətəndaş Hərəkatının keçmiş üzvləri 2013-cü ilin martında kütləvi iğtişaşların təşkili, qanunsuz silah saxlama kimi ittihamlarla həbs olunmuş, onlara 6 ildən 8 ilə qədər azadlıqdan məhrumetmə cəzası kəsilmişdi. Onların bəziləri 2, bəziləri isə 4 il sonra prezidentin əfv sərəncamı ilə azadlığa buraxılmışdı. Bir nəfər – İlkin Rüstəmzadə 2019-cu ilin martına qədər həbsdə saxlanmışdı.
“Nida”çılar kütləvi iğtişaşların təşkili məqsədilə “Molotov kokteyli” hazırlanması, evlərindən tapılması və s. haqda ittihamların yalan olduğunu, 2013-cü ildə təşkil olunan “Əsgər ölümlərinə son!” aksiyasına görə cəzalandırıldıqlarını bəyan edirdi.
Avropa Məhkəməsi adları çəkilən şəxslərin bu hamısının işində Konvensiyanın 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 18-ci (Konvensiyadan kənar məqsədlərlə məhdudiyyətlərdən sui-istifadənin yolverilməzliyi) maddələrinin pozuntusunu tanıyıb. Başqa sözlə, Avropa Məhkəməsi adları çəkilən şəxslərin siyasi motivlərlə həbs olunduğunu, onların işinə Azərbaycan məhkəmələrində qanuna uyğun, ədalətli baxılmadığını təsdiqləyib.
Avropa Məhkəməsi ReAl partiyasının sədri İlqar Məmmədov, araşdırmaçı jurnalist Xədicə İsmayılova, Heydər Əliyevin heykəlinə “Qul bayramınız mübarək!” şüarı yazmış Qiyas İbrahimov və mərhum Bayram Məmmədov, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus, onun həyat yoldaşı Arif Yunus və digərlərinin işində də Konvensiyanın 18-ci maddəsinin pozuntusunu tanıyıb.
Ümumiyyətlə, Avropa Məhkəməsi tarixində Konvensiyanın 18-ci maddəsinin pozuntusunun ən çox tanındığı ölkə Azərbaycandır.