Son illər Almaniyadan Azərbaycana yüzlərlə mühacirin qaytarıldığı açıqlanıb. 2014-cü ildə "Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası (geri qaytarılma) haqqında" Saziş imzalanıb. Azərbaycan hökuməti readmissiya olunan şəxslərin iş yerləri ilə təmin edilməsində, yaşayış yerinin olub-olmaması ilə bağlı problemlərin həllində və psixoloji yardım məsələlərində kömək etməlidir. Amma son vaxtlar bu qaydada Azərbaycana qaytarılan mühacirlərdən Röya Rəfili yerləşdirilmədə üzləşdiyi çətinliklərlə bağlı dəfələrlə sosial şəbəkələrdə şikayətini ifadə edib.
Üstəlik, Almaniyadan qaytarılanlardan iki nəfər fəal narkotik ittihamı ilə həbs edilib. Onlardan biri müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Mütəllim Orucov, digəri isə Malik Rzayevdir. Onların yaxınları ikisinin də saxlandıqdan sonra işgəncəyə məruz qaldıqlarını bildirdiklərini açıqlayıblar. Amma rəsmi qurumlar bu şikayəti təsdiq etməyiblər.