Zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı qızın qardaşı da müəssisəyə yerləşdirilib.
Bu barədə Sosial Xidmətlər Agentliyinin mətbuat xidmətinin rəhbəri Murad Haşımov məlumat verib. Onun sözlərinə görə, uşaq artıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsindədir.
İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) atalığı 1978-ci il təvəllüdlü S.C (ad şərtidir) tərəfindən zorlanması faktı əsasında sonuncuya Cinayət Məcəlləsinin 149.3.3 (zorlama təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) və 150.3.3-cü (seksual xarakterli zorakılıq hərəkətləri təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddələri ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
Hazırda istintaq davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin sosial işçisi ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin psixoloqu zorakılığa məruz qalaraq uşaq dünyaya gətirən 11 yaşlı uşağın psixo-sosial vəziyyətini qiymətləndirərək, onun reabilitasiyası istiqamətində fəaliyyətə başlayıb. Uşağın maraqlarını qorumaq məqsədi ilə dövlət sığınacağına yerləşdirilməsi qərara alınıb və o, Nazirliyin tabeliyində Sosial Xidmətlər Agentliyinin müvafiq müəssisəsinə yerləşdirilib. Müəssisədə uşağın reabilitasiyası ixtisaslı mütəxəssislər tərəfindən müvafiq sosial-psixoloji reabilitasiya proqramı əsasında həyata keçiriləcək. Burada onun sosial, psixoloji və digər tələbatları qarşılanacaq. Uşağın sosial reabilitasiyası müvafiq dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq çərçivəsində olacaq.
Azyaşlının anası da artıq Agentliyin sığınacağına yerləşdirilib. Burada ona müvafiq sosial-psixoloji reabilitasiya tədbirləri çərçivəsində xidmət göstərilməsinə başlanıb.