Avropa Şurası hicab taxmağa üstünlük verən qadınların seçimlərinə hörməti təşviq edən kampaniyanın görüntülərini Fransadan gələn reaksiyalardan sonra yığışdırıb.
Ötən həftə Türkiyənin də üzv olduğu Avropa Şurası müsəlmanlara qarşı ayrı-seçkiliyə son qoymaq üçün hazırlanan görüntüləri yayımlayıb.
Görüntülərdən birində “Gözəllik fəqliliklərdədir. Eynilə hicabda azadlıq olduğu kimi” yazılıb.
Kampaniya başlayandan sonra bəzi aparıcı fransız siyasətçiləri bu mesajları pisləyib və hicabın azadlığı təmsil edə bilməyəcəyini bildiriblər.
Hicablı bəzi müsəlman qadınlar bu reaksiyaların Fransada fərqliliklərə və qadınların istədikləri libası geyinmək hüququna hörmətsizlik anlamına gəldiyini deyiblər.
Fransanın gənclər naziri Sarah El Heyri hicablı və hicabsız qadınların görüntülərinin onu şoka saldığını bildirib.
Fransa kanallarından birinə müsahibə verən Heyri afişanın qadınları hicab taxmağa təşviq etdiyini və bu mesajın Fransadakı dünyəvi dəyərlərə uyğun gəlmədiyini bildirib.
Çərşənbə günü BBC-yə məlumat verən Avropa Şurası bu layihənin necə daha yaxşı təqdim oluna biləcəyi üzərində çalışdıqlarını və paylaşdıqları tvitləri sildiklərini açıqlayıb.
Avropa Şurasının sözçüsü bu tvitlərin nifrət nitqinə qarşı kampaniyanın bir hissəsi kimi paylaşıldığını və kampaniyanın Avropa Şurasının ayrı-seçkiliyə qarşı departamenti tərəfindən keçirildiyini deyib.
Kampaniya sentyabr ayında Avropadakı müsəlman gənclər təşkilatlarını birləşdirən “Femyso” ilə seminarda hazırlanıb.
Avropa Şurasının sözçüsü onu da vurğulayıb ki, bu kampaniya seminarda iştirak edən şəxslərin bəyanatları əsasında keçirilir və Avropa Şurasının fikirlərini əks etdirmir.
BBC-yə müsahibə verən “Femyso” prezidenti Hande Taner kampaniyanın hələ də davam etdiyini, lakin Avropa Şurasının bu yazıları niyə silmək qərarına gəldiyini bilmədiklərini deyib.
Taner əlavə edib ki, gənc azlıq üzvlərinin səylərinin "siyasətçilər tərəfindən hücuma məruz qalmasından təəssüflənirlər":
“Bu reaksiyalar azadlıq, bərabərlik və müstəqilliyi müdafiə etdiklərini söyləyən şəxslərin müsəlman qadınların hüquqlarını görməzdən gəlmələrinin başqa bir nümunəsidir”.
Fransada müsəlmanların cəmiyyətə inteqrasiyası son illərin ən mübahisəli məsələlərindən biridir.
Fransa 5 milyon nəfərlə Avropanın ən böyük müsəlman azlığına sahibdir.
2011-ci ildə qadınların ictimai yerlərdə hicab taxması qadağan edilib.
Avropa Şurasının kampaniyası Fransada həm sol, həm də sağ partiyaların etirazına səbəb olub.
Gələn il keçiriləcək prezident seçkilərində namizədliyini açıqlamasa da, səsvermələrdə adı ilk sıralarda çəkilən ifrat sağçı köşə yazarı Erik Zemmur bildirib ki, kampaniya “avropalıları qapanmağa təşviq edir”.
Digər ifrat sağçı siyasətçi Marin Le Pen isə “Qadınlar hicablarını bağlayanda deyil, çıxaranda azad olurlar” deyib.
Bu sözləri tənqid edən Hande Taner “Azadlıqdan söhbət gedirsə, bu, universal olmalıdır” deyib və əlavə edib:
“Bura həm hansı paltarı geyinəcəyimizə qərar vermək azadlığı, həm də hansı paltarı geyinməyəcəyimizə qərar vermək azadlığı daxil olmalıdı