23 Noyabr 2021
Mətni dəyiş
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvü Tofiq Məmmədov deyir ki, sosial şəbəkələrdəki tənqidi paylaşımlarına, 17 gündür ki, həbsdə aclıq edən Saleh Rüstəmovun azadlığını tələb etdiyinə görə polislər ona problem yaradır. Cəbhəçinin sözlərinə görə, uzun müddətdir ticarətlə məşğul olduğu “İnşaatçılar” metrostansiyasının yaxınlığında bir neçə gündür ki, fəaliyyətinə imkan verilmir.
Tofiq Məmmədov bildirib ki, noyabrın 22-də “İnşaatçılar”ın çıxışında – ticarətlə məşğul olduğu ərazidə divara “Siyasi məhbuslara azadlıq” yazıb. Bundan sonra Yasamal Rayon Polis İdarəsinin 29-cu polis bölməsinə aparıblar. Bölmədə ona təzyiq göstərilmədiyini deyən AXCP üzvünün sözlərinə görə, onu sərbəst buraxsalar da, noyabrın 23-də yenidən çağırıla biləcəyi haqda xəbərdarlıq edilib.
“Heç bir təzyiq olmadı. Mən polislərə də dedim, bu ölkəni sevən hər kəs Saleh Rüstəmova azadlıq istəməlidir. Çünki o, bu ölkənin azadlığı üçün vuruşub. İndiyədək heç bir icra başçısı könüllü müharibəyə getməyib. Yalnız Saleh Rüstəmov bunu eləyib”, – Tofiq Məmmədov bildirib.
Tofiq Məmmədovun polis tərəfindən maneə ilə üzləşməsi, bölməyə aparılması haqda dediklərinə Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.