Azərbaycanda fəallar son dövrlərdə qadınlara qarşı cinayətlərin və məişət zorakılığının sürətlə artması ilə əlaqədar lazımi tədbirlərin görülməsi üçün hərəkətə keçməklə yanaşı, hökuməti qadınların müdafiəsi üçün effektiv siyasət aparmamaqda ittiham edirlər.
Rəsmi rəqəmlərə görə, ötən il Azərbaycanda 71 qadın həyat yoldaşı və ya kişi qohumları tərəfindən qətlə yetirilib, 2021-ci ilin ilk 8 ayında isə 48 qətl qeydə alınıb.
Fransanın AFP xəbər agentliyinin Azərbaycanın rəsmi orqanlarından topladığı məlumatlara görə, polis hər il ən azı 2000 məişət zorakılığı şikayətini qeydə alır. Bununla belə, faktiki rəqəmin daha yüksək olduğu təxmin edilir, çünki qurbanlar çox vaxt qorxu və təhdidlərdən şikayət etmirlər.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin müdiri Taliyə İbrahimova qurban qadınların hisslərini dilə gətirərək, “Bir çox qadınlar ailə üzvlərinin qisas alacağından qorxaraq polisə müraciət etmirlər” deyib.
Hökumətin 2010-cu ildə qəbul etdiyi qadınlara qarşı zorakılığa görə cəza qanunu yenilədiyini və qadına qarşı zorakılığın cinayət məcəlləsində ayrıca kateqoriyada nəzərdə tutulacağını qeyd edən İbrahimova ötən il ailədaxili zorakılıqla mübarizədə qurbanlar üçün qaynar xətt və dövlət sığınacağının yaradılmasını nəzərdə tutan dörd illik fəaliyyət planının qəbul edildiyini bildirib.
Bununla belə, qadın haqları müdafiəçiləri görülən tədbirlərin kifayət etmədiyini və avtoritarizmdə ittiham etdikləri Azərbaycan prezidenti İlham Əliyev hökumətinin qadınları müdafiə edə bilmədiyini söyləyirlər.
“Qadın cinayətləri siyasidir”
Qadın haqları müdafiəçisi Gülnarə Mehdiyeva hakimiyyəti ittiham edərək, “qadın qətli siyasi məsələdir, çünki problemin həlli üçün yenə siyasi iradə lazımdır” deyib.
[caption id="attachment_108962" align="alignnone" width="1920"]
Gülnarə Mehdiyeva[/caption]
Azərbaycanın siyasi sistemini “despotik” adlandıran Mehdiyeva əlavə edib ki, hakimiyyət “vətəndaşların öz hüquqlarını bilməsini istəmir”.
G.Mehdiyeva qeyd edib ki, fəallar hər il martın 8-də qadınlara qarşı zorakılıqla bağlı maarifləndirmə məqsədilə mitinq keçirdiklərinə görə, mühafizəkar qruplar tərəfindən davamlı təzyiqlərə məruz qalırlar.
Qadın haqları müdafiəçisi hökumətə yaxın bir internet saytının “onu fahişə kimi göstərmək və biabır etmək üçün” dostu ilə söhbətlərinin səs yazılarını sızdırdığını bildirib və əlavə edib ki, “cəmiyyətdə bizə qarşı ailə dəyərlərini pozmaqda ittiham edən geniş mənfi münasibət var”.
Qadın hüquqları sahəsində çalışan hüquqşünas Zibeydə Sadıqova polisi məişət zorakılığı ilə bağlı şikayət edən qadınları ciddiyə almamaqda, əksinə onları biabır etməkdə, psixoloji təzyiqə məruz qoymaqda ittiham edib.
“Şikayət edən qadınlar daha çox zorakılığa məruz qalır”
Qadınları onlara qarşı zorakılıqlar barədə polisə müraciət etməyə razı salmağa çalışdığını deyən vəkil Z.Sadıqova polisin onları ərləri ilə barışmaq üçün yola gətirməyə çalışdığını, ərlərin isə onlardan şikayət edən arvadlarını daha çox döyməyə davam etdiyini bildirib.
[caption id="attachment_109333" align="alignnone" width="1280"]
Zibeydə Sadıqova[/caption]
“Cəmiyyətdə əksər insanlar düşünür ki, qadın evə qapanmalıdır və ərinin onu döymək hüququ var. Dövlət siyasətinin düzgün həyata keçirilməməsi, qanunvericilikdəki boşluqlar da əlavə problemlər yaradır. Hökumət hüquqi boşluqları doldurmalı, maarifləndirmə kampaniyasına başlamalı və qadınların psixoloji və hüquqi yardıma çıxışını təmin etməlidir”, Zibeydə Sadıqova deyib.
Bakıya beynəlxalq təzyiqlər artır
ABŞ-da fəaliyyət göstərən qadın haqlarının müdafiəsi təşkilatı “Borgen Layihəsi” ötən il yaydığı bəyanatda bildirib ki, “Azərbaycanda qadınların dövlət vəzifələrində başqalarının onların səsini eşitməsini təmin edəcək nümayəndəliyi yoxdur. Bu ölkə parlamentinin üzvlərinin 18 faizini qadınlar təşkil edir.
Birləşmiş Millətlər Təşkilatı Bakını əmək haqqı fərqi və qadınların hüquqları, o cümlədən fiziki və cinsi qısnama tendensiyalarını dəqiq izləmək üçün statistik məlumatların olmamasına görə tənqid edib.
Azərbaycan qadınlara qarşı zorakılığın qarşısının alınmasına dair 2011-ci ildə qüvvəyə minmiş İstanbul Konvensiyasını imzalamayan nadir ölkələrdən biridir.