13 Noyabr 2021
Mətni dəyiş
İctimai fəal Bəxtiyar Hacıyev noyabrın 13-də bir neçə saatlıq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində olub.
Bu barədə fəal öz Facebook səhifəsində məlumat verib.
“Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət etmişdilər. Dəvət edilməyim Daxili İşlər Nazirliyində şikayətlərimin araşdırılmaması ilə bağlı idi. Araşdırırlar ki, kimdən şikayət edirəm. Mən də dedim ki, şikayətlərimin heç birini araşdırmayıblar. Dedim həmin şəxsləri himayə edirlər. İndi dedilər ki, onlar həmin şəxləri himayə etmirlər. Təkrar müraciət edim, araşdıracaqlar və nəticəsində görəcəm ki, həmin adamları himayə etmirlər,” o qeyd edib.
İctimai fəalın Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edilməsi sosial şəbəkələrdə daxili işlər nazirininin ünvanına kəskin tənqidi fikirlər yazmasından sonraya təsadüf edir.
Hacıyev bir neçə gün öncə ona qarşı təhqirlərə etiraz olaraq Prezident Administrasiyasının binası qarşısında intihara cəhd edib. Polis əməkdaşları intihara cəhdin qarşısını alıb.