20 Noyabr 2021
Mətni dəyiş
Baş Prokurorluğun Mətbuat Xidməti Zəngilanda iki nəfərin minaya düşməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, noyabrın 19-u saat 15 radələrində partlamamış silah-sursatın axtarışı ilə bağlı Zəngilan rayonuna ezam olunmuş Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1972-ci il təvəllüdlü Vaqif Babayevin və Dövlət Sərhəd Xidmətinin giziri, 1999-cu il təvəllüdlü Renat Ağababayevin tank əleyhinə minaya düşmələri nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri almaları barədə prokurorluğa məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib və digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda araşdırma aparılır.