18 Noyabr 2021
Mətni dəyiş
Polşa hökuməti Belarus sərhədindəki miqrantların bölgəni tərk etməyə başladığını açıqlasa da, Belarus sərhəddə gözləyən minə yaxın miqrant üçün “müvəqqəti sığınacaq” verildiyini bildirib.
Polşa daxili işlər nazirinin müavini Maciej Vasik Belarus hakimiyyətinin bölgəyə ilk dəfə avtobus göndərdiyini və mühacirləri toplayıb Kuznitsa Sərhəd Qapısından çıxardığını bildirib.
Sərhədçilər bildiriblər ki, miqrantların Belarusda hara aparıldığı aydın deyil.
İraq Hava Yolları bu gün Belarusa təyyarə göndərəcəyini və sərhəddəki İraq vətəndaşlarını ölkələrinə qaytaracağını açıqlayıb.
Təxminən bir həftəlik səssizlikdən sonra Belarus Kuznitsa keçid məntəqəsi yaxınlığındakı logistika mərkəzində miqrantlar üçün müvəqqəti sığınacaq istifadəyə verildiyini açıqlayıb.
Belarus mətbuatı prezident Aleksandr Lukoşenko və Almaniya kansleri Angela Merkelin Avropa İttifaqının (Aİ) miqrant böhranının həlli üçün danışıqlara cəlb edilməsi ilə bağlı razılığa gəldiyini bildirib. Avropa İttifaqı və Belarus hakimiyyətinin dərhal danışıqlara başlayacağı bildirilib.
Əksəriyyəti Yaxın Şərqdən olan minlərlə miqrant həftələrlə soyuq qış şəraitində Belarusdan Polşaya keçmək üçün gözləyir.
Polşa sərhədçiləri dünən sərhədi keçmək istəyən və polisə daş atan mühacirlərə təzyiqli su və gözyaşardıcı qazla cavab verib.
Avropa İttifaqı (Aİ) Belarusu immiqrantlardan siyasi məqsədlər üçün istifadə etməkdə ittiham edir.
Birliyə üzv ölkələrin xarici işlər nazirləri bu həftə Belarusa qarşı yeni sanksiyaların tətbiqi ilə bağlı razılığa gəliblər, lakin detalları açıqlamayıblar.
Aİ-yə reaksiya verən Belarus Rusiyadan Polşa və Almaniyaya gedən xam neft tədarükünü üç gün müddətinə müvəqqəti məhdudlaşdırdığını açıqlayıb.