6 Noyabr 2021
Mətni dəyiş
Livan Apellyasiya Məhkəməsi Beyrut limanında baş verən partlayışla bağlı təhqiqatı dayandırmaq qərarına gəlib. Bununla istintaq 2020-ci ildən bəri 4-cü dəfə təxirə salınıb.
Aralarından “En-Nahar” qəzetinin də olduğu yerli Livan mediasının məlumatına görə, keçmiş nazir Yusuf Fenyanus məhkəmə müstəntiqinə hələ cavab vermədiyi üçün Beyrutdakı Apellyasiya Məhkəməsi işlə bağlı yeni qərar qəbul edib.
Beyrut partlayışında ağır yaralanan bir nəfər 15 ay sonra həyatını itirib.
Xəbərdə qeyd edilib ki, Apellyasiya Məhkəməsi hakim Tarik Bitarın rəhbərlik etdiyi məhkəmə işinin araşdırılmasını Fenyanus müstəntiqə cavab verənədək dayandırıb.
Keçmiş maliyyə naziri Əli Həsən Halil və keçmiş ictimai işlər və nəqliyyat naziri Qazi Zuaytirin vəkilləri sentyabrın 12-də məhkəmə işinə rəhbərlik edən hakim Tarik Bitarın “vəzifəsindən çıxarılması” tələbi ilə məhkəməyə müraciət ediblər.
Apellyasiya Məhkəməsi sözügedən tələblə bağlı qərar qəbul edənədək Beyrut Limanındakı partlayışla əlaqədar araşdırma prosesi təxirə salınıb.