Birləşmiş Ştatlar və BMT-nin Təhlükəsizlik Şurasının avropalı üzvləri Polşa-Belarus sərhədində gərginliyin artdığı bir vaxt Belarusu “miqrantlardan rüsvayçı alət” kimi istifadə etməkdə günahlandırıb.
“Biz Belarusun diqqəti özündə artan insan haqları pozuntularından yayındırmaq məqsədi ilə həyatlarını və rifahlarını təhlükə altına qoyaraq, qonşu dövlətlərdə sabitliyi və Avropa İttifaqı ölkələrinin sərhədlərini pozmaq üçün miqrantlardan siyasi məqsədlərlə alət kimi istifadə etməsini pisləyirik” - deyə, Estoniya səfiri Sven Yurgenson yeddi qərb dövləti adından bildirib.
May ayında Belarus ərazisi üzərində uçan kommersiya təyyarəsini eniş etməyə məcbur etdiyinə görə Avropa İttifaqının Minskə sanksiyalar tətbiq etməsindən sonra Yaxın Şərq və Əfqanıstandan miqrant axını kəskin şəkildə artıb. Hakimiyyət təyyarədə olan belaruslu müxalifətçi bloggeri və onun sevgilisini həbs edib.
İndi Belarusa qanuni səyahət etmiş minlərlə miqrant Polşa ilə sərhəddə qeyri-müəyyən aqibət və dondurucu temperaturla üzləşir.
Miqrantların keçməyə cəhd etdiyi Polşa çərşənbə axşamı Belarusla sərhəd keçid məntəqəsini bağlayıb.
Avropa və Baltikyanı ölkələr Belarus prezidenti Aleksandr Lukaşenkonu miqrantları öz ölkəsinə sövq etməkdə və sonra onları Polşa, Litva və Latviyaya göndərmək üçün sərhədə getmələrinə imkan verməkdə ittiham edir. Avropa İttifaqına üzv ölkələrə keçə bilən miqrantlar sığınacaq üçün müraciət edir.
"Bu taktika qəbuledilməzdir və Belarusu məsuliyyətə cəlb etmək üçün güclü beynəlxalq reaksiya və əməkdaşlıq gərəkdir. Bu, Lukaşenko rejiminin regional sabitliyə təhlükə yaratdığını nümayiş etdirir” - deyə, Yurginson bildirib.
Rusiyanın BMT-dəki nümayəndəsinin müavini Dmitri Polyanski jurnalistlərə “Əlbəttə ki, indi Avropa İttifaqının günahı başqa yerə çevirməsi oyunu var. Onlar Belarusu və bəzən hətta Rusiyanı da bu böhranın səbəbkarları kimi təsvir etmək istəyirlər” deyib.
Moskva Minskin ən yaxın müttəfiqidir. Polyanskinin dediyinə görə, Minskin miqrantları dayandırmaq üçün nə iqtisadi, nə də siyasi səbəbləri var.
"Onları gəldikləri ölkələrə geri göndərmək üçün heç bir səbəb yoxdur. Bu, istənilən beynəlxalq konvensiyaların tamamilə pozulması demək olardı" - deyə, Polyanski bildirib.
Avropa İttifaqına üzv olmasa da, Ukrayna miqrant böhranı cəbhəsinə çevrilməkdən ehtiyat edir. Reuters xəbər agentliyinin cümə axşamı bildirdiyinə görə, miqrantların sərhədi keçmək cəhdlərinin qarşısını almaq məqsədilə Ukrayna Belarusla sərhədinə əlavə 8500 əsgər və polis zabiti, 15 vertolyot göndərəcək.
BMT Belarus-Polşa sərhədində gərginliyi azaltmağa çağırıb.
BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Mişel Baçelet çərşənbə günü “Çox sayda miqrant və qaçqının Belarus-Polşa sərhəddində donmağa yaxın temperaturda, çıxılmaz vəziyyətdə qalması məni dəhşətə gətirir. Mən marağı olan dövlətləri beynəlxalq insan və qaçqın haqları üzrə öhdəliklərinə uyğun olaraq, bu məsələdə gərginliyi azaltmaq və həll etmək üçün təcili addımlar atmağa çağırıram” deyib.
BMT-nin Qaçqın və Miqrasiya Agentlikləri dəfələrlə bildiriblər ki, miqrant və qaçqınlardan siyasi alət kimi istifadə acınacaqlıdır və buna son qoyulmalıdır.