9 Noyabr 2021
Mətni dəyiş
Əfqanıstanda aclıq astanasında yaşayanların sayı ilin əvvəli ilə müqayisədə 3 milyon nəfər artaraq 8,7 milyon nəfərə çatıb. Bu barədə Birləşmiş Millətlər Təşkilatının nəzdindəki Ümumdünya Ərzaq Proqramından verilən açıqlamada bildirilib.
Onların arasında paytaxt Kabildəki İndira Qandi xəstəxanasının qida çatışmazlığı şöbəsində müalicə alan zəif uşaqlar da var.
Xəstəxananın qayğı işləri üzrə direktor müavini Ziya Məhəmməd deyir ki, son 3 ayda müalicəyə ehtiyacı olan uşaqların sayının artdığının şəxsən şahidi olub.
Məlumata görə, Əfqanıstanda 24 milyona yaxın insan və ya əhalinin 60 faizi kəskin aclıqdan əziyyət çəkir.
Ölkəni vuran şiddətli quraqlıq aclığın səbəblərindən biri olsa da, gün keçdikcə insanların ərzaq almağa gücləri daha da azalır.
ABŞ-ın dəstəklədiyi və işçilərinə maaş verməkdə çətinlik çəkən əvvəlki hökumət dövründə ölkə iqtisadiyyatı ciddi dalana dirənmişdi.
Lakin avqust ayında Taliban hakimiyyəti ələ keçirdikdən sonra iqtisadiyyatda azalma tendensiyası müşahidə edilir.
ABŞ və digər Qərb ölkələri birbaşa yardımı kəsib, Taliban isə Əfqanıstana aid xaricdə saxlanılan milyardlarla dollar milli ehtiyata çıxış əldə edə bilmir.
Bu vəziyyətin təbii nəticəsi olaraq milyonlarla əfqan aylardır maaşlarını ala bilmir.
Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Ərzaq Proqramı (ÜƏP) 43 ölkədə aclıq astanasında olan insanların sayının 45 milyona çatdığını bildirib.
Qərargahı Romada yerləşən BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) 43 ölkədə aclıq astanasında olan insanların sayının (IPC4 səviyyəsində fövqəladə və ya daha pis olaraq təyin olunur) dünya miqyasında qəfil kəskin aclıq sıçrayışları ilə 45 milyona yüksəldiyi barədə xəbərdarlıq edib.
Bu yüksəliş əsasən Əfqanıstandakı artımla bağlı olub.
Əfqanıstana səfər edən Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bisli vəziyyətin tam böhran və fəlakət olduğunu bildirib.
“Biz humanitar böhranın şahidi oluruq. 23 milyon insan aclığa doğru addımlayır. Əfqanların 95 faizinin kifayət qədər qidası yoxdur. İqtisadiyyat çökür. Qarşıdan qış gəlir. Bu, yer üzündə cəhənnəm olacaq", - Bisli deyib.
Ümumdünya Ərzaq Proqramı sərt qış başlamazdan əvvəl əhaliyə ərzaq çatdırmağa tələsir, lakin səylərini maliyyələşdirmək üçün 2022-ci ildə ayda 220 milyon dollara ehtiyacı olduğunu bildirir.