3 Noyabr 2021
Mətni dəyiş
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşı qurumda "tam məxfi" qrifi ilə saxlanılan, dövlət sirri hesab olunan məlumatları gizli yollarla ələ keçirməkdə ittiham edilir.
DTX-nın Hərbi Əks Kəşfiyyat Baş İdarəsinin əməliyyat müvəkkili olmuş 28 yaşlı S.K. həbs olunub. O, işlədiyi qurumdakı dövlət sirri ilə yanaşı, xüsusi texniki vasitələrlə Azərbaycandakı Facebook istifadəçisinin hesabına müdaxilə edib ona aid şəxsi məlumatları ələ keçirməkdə də təqsirləndirilir. O, kompüter məlumatlarını qanunsuz ələ keçirməkdə, dövlət sirri təşkil edən məlumatların qanunsuz əldə edilməsində, vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunub.
Cinayət işinin materiallarında iddia olunur ki, o, ittiham edildiyi əməlləri 2017-2020-ci illərdə həyata keçirib. Ancaq onun həmin məlumatları casusluq və ya dövlətə xəyanət məqsədilə ələ keçirmədiyi vurğulanıb.
Ələ keçirilmiş, dövlət sirri sayılan məlumatların bir hissəsinin Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin indiyə qədərki fəaliyyətinin nəticələrinə dair elektron hesabat olduğu bildirilir.""Tam məxfi" qrifi ilə saxlanan bu məlumatlara o, şöbə rəisinin razılığıyla, kiril əlifbasından latın qrafikasına çevirmək adıyla giriş əldə edib. Həmin məlumatları dərhal yaddaş kartına köçürüb. Bu, 2019-cu ilin oktyabrında baş verib", – ittihamda belə yazılıb.
Keçmiş əməliyyat müvəkkilinin həmin məlumatları özünün ev kompüterinə köçürdüyü bildirilir.
Facebook istifadəçisi Murad Bağırovun hesabının ələ keçirilib ona aid şəxsi məlumatların oğurlanmasına gəlincə, bu əməlin 2020-ci ilin mayında törədildiyi iddia olunur. Həmin şəxs zərərçəkmiş qismində tanınıb.
Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənov onu ittiham olunduğu hər üç maddə üzrə təqsirli bilib və 2 il 6 ay azadlıqdan məhrum edilməsi haqda hökm çıxarıb.
Sabiq DTX əməkdaşı özünü təqsirli bilsə də, bu cəzanı özü üçün ağır sayıb. Cəzasının yüngülləşdirilməsi üçün apellyasiya məhkəməsinə üz tutub. O deyir ki, hökm çıxarılanda yüngülləşdirici hallar – zərərçəkmişdən üzr istəməsi, onunla barışması, himayəsində bir azyaşlı uşağı və ailənin yeganə qazanc gətirəni olması, əməlindən peşmanlığı nəzərə alınmayıb.
Oktyabrın 18-də Bakı Apellyasiya Məhkəməsində Faiq Qasımovun sədrlik etdiyi hakimlər kollegiyası hökmün dəyişmədən qüvvədə saxlanmasına qərar verib.
Hüquqşünas Rüfət Səfərov deyir ki, istər dövlət sirrinin ələ keçirilməsi, istərsə də vətəndaşın sosial media hesabına müdaxilə ictimai təhlükəli əməldir. Hadisəni və məhkəmənin hökmünü şərh edən hüquqşünas hesab edir ki, məhkəmə qeyri-adekvat hüquqi dəyərləndirmə verib: "Bakı Hərbi Məhkəməsi son dərəcə humanist yanaşıb, onun ittiham olunduğu maddələrin sanksiyalarındakı azadlıqdan məhrumetmə cəzasının aşağı həddini seçib. Hərçənd, burada Cinayət Məcəlləsinin 61.1.13-cü (cinayətin qulluq mövqeyinə əsasən təqsirkara göstərilən etimaddan istifadə etməklə törədilməsi) maddəsi üzrə ağırlaşdırıcı hal var".
Hüquqşünas vurğulayıb ki, ortada dövlətə xəyanət, casusluq və ya dövlət sirrinin yayılması faktının olub-olmadığı barədə fikir söyləmək doğru olmaz. Çünki işin hallarına hərtərəfli bələd deyil.
"Lakin vəzifəli şəxsin öz qulluq mövqeyindən istifadə etməklə kompüter məlumatlarını qanunsuz ələ keçirməsi faktı ortada olsa da, istintaq nədənsə Cinayət Məcəlləsinin 272.2.3 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə-vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi üzrə ittiham elan etməyi uyğun bilməyib. Sadə dispozisiya ilə, yəni 272.1-ci maddə (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) ilə kifayətlənib", – Səfərov əlavə edib.