11 Noyabr 2021
Mətni dəyiş
Penitensiar Xidmətin 16 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan hüquq müdafiəçisi və jurnalist Elçin Məmməd vəziyyəti ilə bağlı müstəqil media qurumlarına, beynəlxalq hüquq təşkilatlarına, xarici ölkə səfirliklərinə və diplomatik nümayəndəliklərə müraciət ünvanlayıb.
Elçin Məmməd iki ilə yaxındır ki, həbsdə saxlanılmasını “törətmədiyi cinayətə görə çəza çəkməsi", “girovluqda saxlanılması" kimi dəyərləndirir.
“Əsassız yerə həbs olunmağımla yanaşı, hüquqlarım pozulur və ayrıseçkiliyə məruz qalıram. Mənə təyin edilən cəzanın yüngülləşdirilməsi ilə bağlı müraciətlərim də rədd edilir,” o bildirir.
Bununla bağlı apellyasiya şikayəti verdiyini deyən E.Məmməd müsbət cavab alacağına inanmadığını vurğulayır.
Səbəbini isə belə izah edir ki, həbsi sifarişlidir və müəyyən dairələrin hədəfinə çevrilib. Onun fikrincə, həyatı və təhlükəsizliyi risk altındadır, artıq hüquqlarını bərpa edəcəyinə ümidi yoxdur.
“Məhkəmələr qərəzli qərarlar çıxarır və sanki məndən qisas alırlar. Hər an həbsxanada təxribatlara məruz qala bilərəm və mənə əlavə cəza da verilə bilər".
Həbsini sifarişli hesab edən Elçin Məmmədə görə, bu adamlar ədliyyə orqanlarına da təsir imkanlarına malikdir və həbsdə olması həyatını risk altına atır.
O vurğulayır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xahişi ilə cinayət işi Baş Prokurorluğun nəzarətinə götürülsə də, hər hansı müsbət nəticə yoxdur.
Elçin Məmməd deyir ki, hüquqlarının müdafiəsilə bağlı ailəsi və vəkili vasitəsilə ərizələrinin müvafiq instansiyalara çatdırılmasına imkan verilmir.
“16 saylı Cəzaçəkmə Müəssisəsində sənədlərim ciddi senzuraya məruz qalır və 4 aydan çoxdur ki, vəkilimin sorğularına cavab verilmir. Ailəmlə əlaqə saxlamağa məhdudiyyətlər qoyulur,” o vurğulayır.
Sağlamlığı barədə danışan Məmməd səhhətinin pisləşdiyini, “Hepatit-C” xəstəsi olduğunu, həbsxana şəraitinin vəziyyətinə mənfi təsir etdiyini, əsəblərinin korlandığını, prostatitdən əziyyət çəkdiyini diqqətə çatdırıb.
Məmməd deyir ki, ondan götürülmüş qan və digər müayinələrin nəticəsi ilə bağlı vəkilinin sorğusuna 5 aydır ki, cavab verilmir.
Hüquq müdafiəçisi müraciət etdiyi qurumları pozulmuş hüquqlarının bərpasına yardımçı olmağa çağırır.
Penitensiar Xidmət və digər rəsmi qurumlar hüquq müdafiəçisinin müraciətinə hələ münasibət bildirməyib.
2020-ci il oktyabrın 17-də Sumqayıt şəhər Məhkəməsi Sumqayıt Gənclərin Hüquqi Maarifləndirilməsi QHT-nin rəhbəri və “Yüksəliş naminə” saytının redaktoru Elçin Məmmədi “oğurluq” və “qanunsuz silah və döyüş sursatı saxlamaqda” təqsirli bilərək 4 il azadlıqdan məhrum edib.
Hüquq müdafiəçisi 2020-ci ilin martında həbs edilib. Ondan hüquqi yardım göstərdiyi qadın şikayət edib. Bir müddət əvvəl həmin qadın criminal.az saytının redaktoru Anar Məmmədovdan da şikayət etmişdi.
Məmməd cinayət işini hüquq müdafiə fəaliyyəti ilə əlaqələndirir. Beynəlxalq təşkilatlar Elçin Məmmədin həbsini pisləyiblər. Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıb.