Avropa Ətraf Mühit Agentliyi (EEA) Avropada hava çirkliliyinə görə ölümlərin 10 faiz azaldığını, ancaq buna baxmayaraq, hələ də yüz minlərlə şəxsin bu səbəbdən erkən öldüyünü bildirib.
Agentliyin son hesabatına görə, 2019-cu ildə Avropada incə hissəciklər 307 min şəxsin vaxtından əvvəl ölümünə səbəb olub.
2019-cu ildə Almaniyada 53 min 800, İtaliyada 49 min 900, Fransada 29 min 800, İspaniyada 23 min 300 nəfər şəxs bu səbəbdən həyatını itirib. Avropada əhalisinin sayına görə ən çox ölüm isə Polşada olub. Polşada 39.300 adam vəfat edib.
Avropa Ətraf Mühit Agentliyi (EEA) hesabatda qeyd edib ki, son illərin göstəricilərinə baxdıqda məlum olur ki, bu səbəbdən baş verən ölümlər azalıb. Azalmanın səbəblərindən biri havaların yaxşı olması olsa da, ən əsas səbəb bu istiqamətdə atılan addımların nəticə verməsidir.
Avropa Birliyinin bu istiqamətdəki konsepsiyasında deyilir ki, 2030-cu ildə hava çirkliliyinin 2005-ci illə müqayisədə 55 faiz azaldılması planlaşdırılır.