İranın İsfahan şəhərində Zayende çayının qurumasına və hökumətin siyasətinə etiraz edən nümayişçilərə polis müdaxilə edib. Polisin müdaxiləsi zamanı ən azı iki nəfər ağır yaralanıb, 67 nəfər isə saxlanılıb.
Noyabrın 19-dan ölkənin üçüncü ən böyük şəhərində başlayan nümayişlərdə hökumət şəhərin su təchizatını qonşu Yəzd şəhərinə yönəltməkdə ittiham olunur.
Sakinlər və İranın rəsmi xəbər orqanları deyir ki, İsfahanda vəziyyət şənbə günü qismən sakitləşib.
Sakinlərdən biri deyib ki, onlar dostları ilə birlikdə çayın ətrafında gəzənda müşahidə ediblər ki, xeyli sayda polis ərazini mühafizə edir. Polislər ora yaxınlaşan hər kəsi ərazidən uzaqlaşdırırlar.
İsfahan Universiteti Xəstəxanasının sözçüsü Nurodin Soltanyan, isə yaralılarla bağlı açıqlama verərək bildirib ki, onlardan ikisinin vəziyyəti ağırdır.