2 Noyabr 2021
Mətni dəyiş
İsrailin Milli İnfrastruktur, Enerji və Su Ehtiyatları Naziri Karin Elharrar BMT-nin İqlim Dəyişikliyi Konfransında (COP26) əlil arabası ilə girişinə şərait yaradılmadığı üçün iştirak edə bilməyib.
Elharrar tvitində BMT-nin təşkil etdiyi tədbirlərə daxil ola bilməməsindən təəssüfləndiyini bildirib.
İsrailin baş naziri Naftali Bennetin nümayəndə heyətinin sözçüsü təşkilatçılara rəsmi şəkildə şikayət etdiklərini bildirib.
Sözçü həmçinin bildirib ki, Elharrarın girişinə şərait yaradılmasa Bennett çərşənbə axşamı keçiriləcək sammitdə iştirak etməyəcək.
Böyük Britaniyanın İsraildəki səfiri Nil Viqan nazirdən konfransda iştirak edə bilmədiyi üçün "səmimi şəkildə" üzr istədiyini açıqlayıb.
Viqan Twitter-də paylaşdığı mesajında COP26 Zirvəsinin hər kəs üçün açıq və əlçatan olmasının vacibliyini vurğulayıb.
Elharrar İsrailin Kanal 12 televiziyasına deyib ki, konfrans ərazisinə yalnız piyada və ya xidməti avtomobillə gedildiyi, bu vəziyyətin isə əlil arabası istifadəçiləri üçün uyğun olmadığı üçün oraya daxil ola bilməyib.
Nazirliyin ofisi “Times of Israel” qəzetinə bildirib ki, Elharrar Qlazqoda tədbir keçirildiyi məkanın qarşısında iki saat gözləməli olub və sonda 80 km uzaqlıqda yerləşən Şotlandiyanın paytaxtı Edinburqdakı otelinə qayıtmalı olub.
Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi Ceyms Kleverli deyib ki, Elharrarın sammitdə iştirak etməməsi onu “dərin məyus edib”.
Qeyd olunub ki, Böyük Britaniyanın baş naziri Boris Conson çərşənbə axşamı Elharrarı İsrailin baş naziri Bennetlə görüşə dəvət edib.
COP26-da liderlər noyabrın 1-i və 2-si ərzində əsas çıxışlar edərək iştirakçılara öz iqlim məqsədlərini təqdim edirlər.
Proqram 3-12 noyabr tarixləri arasında maliyyə, enerji, gənclik, ictimai dəstək, təbiət, dəyişiklik və harmoniya, elm, innovasiya və nəqliyyat kimi fəaliyyətlər şəklində davam edəcək.