“Mövlam Şıxəliyevlə komandasının məhkəməsini ictimaiyyətdən gizli keçirməyin!”
Ləğv edilmiş Milli Təhlükəsizliyi Nazirliyinin Baş İstintaq İdarəsinin rəisi, general-mayor Mövlam Şıxəliyev, istintaq idarəsinin rəisi müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəisi müavini Sahib Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilir.
Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə bu gün baş tutan açıq məhkəmə prosesinə yenə də jurnalistlər buraxılmayıb.
Hakimin katibi bunun səbəbini izah etməyib. Mətbuat nümayəndələri baş verən qanunsuzluğa etiraz əlaməti olaraq Bakı Hərbi Məhkəməsinin qarşısında aksiya keçiriblər. Jurnalistlər üzərində “Mövlam Şıxəliyevlə komandasının məhkəməsini ictimaiyyətdən gizli keçirməyin!”, “MTN-çilərin açıq məhkəməsini qapalı bazara çevirməyin! Jurnalistləri məhkəməyə buraxın” sözləri yazılan plakatlar tutmaqla məhkəmənin qanunsuz qərarına etirazlarını bildiriblər. Məhkəmə binası önünə toplaşan zərərçəkənlər mətbuat nümayəndələri ilə həmrəylik nümayiş etdirərək aksiya bitənə kimi məhkəmə zalına daxil olmaqdan imtina ediblər.
“Açıq məhkəmə prosesidir, jurnalistlər məhkəməyə buraxılmalıdırlar”
Zərərçəkmişlərdən Qulam Bağırov bildirib ki, məhkəmənin hazırlıq iclasında jurnalistlərin məhkəməyə buraxılması barədə vəsatət veriblər: “Açıq məhkəmə prosesidir, jurnalistlər məhkəməyə buraxılmalıdırlar! Hər kəs bizə qarşı törədilən cinayət barədə məlumatlı olmalıdır. Bizlər həmçinin məhkəmə iclaslarının videoya çəkilməsini də tələb etmişik. Əfsuslar olsun ki, bizim vəsatətlrəimiz təmin olunmadı. Bildirildi ki, məhkəmə iclasları protokollaşdırılsın, sonda həmin protokollar tanış olmaq üçün tərəflərə verilsin, kim istəyərsə protokolla taniş ola bilər. Vəsatətimiz əsassız olaraq təmin edilmədi”.
“Bu gün də əməllərini gizlətmək üçün məhkəmə prosesi ictimaiyyətdən gizli keçirilir”
Zərərçəkmiş deyib ki, məhkəmənin şəffaf keçirilməsini tələb edirlər: “İctimaiyyət təqsirləndirilən şəxslərin dövlətin gücündən istifadə etməklə hansı quldurluq əməlləri etdiklərini bilməlidir. Bəlkə də Azərbaycanın tarixində belə quldurluq əməli törədilməyib. Bunların quldurluq əməllərinin ictimaiyyətdən gizlədilməsi bizə pis təsir edir. Mənə dəymiş ziyan 135 min dollardır. Məni qanunsuz olaraq həbs ediblər. Bundan sonra anama bildiriblər ki, guya mən həbsdə ölümcül vəziyyətdəyəm, Mövlam Şəxliyev və Sahib Ələkbərov evimi, maşınımı satdırıblar. 33 gündən sonra məni xəstəlik adı ilə həbsdən buraxdılar. Həbsdən çıxandan sonra gördüm ki, nə ev var, nə maşın var. Yaşlı anamı aldadıb bu hərəkətləri ediblər. Bu gün də əməllərini gizlətmək üçün məhkəmə prosesi ictimaiyyətdən gizli keçirilir”.
“Eldar Mahmudovun rəhbərliyi altında quldurluq ediblər”
Zərərçəkmiş Hüseyn Səfərov bildirib ki, jurnalistlərin prosesdə iştirakları mütləq şəkildə təmin olunmalıdır: “Bütün Azərbaycan bu quldurları tanımalıdır. Azərbaycan tarixində bunlar kimi alverçi təfəkkürlü Milli Təhlükəsizliyi Nazirliyinin işçiləri olmayıb. Mütəşəkkil cinayətkar quldur dəstə yaradıblar. Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun rəhbərliyi altında Mövlam Şıxəliyev, Vüsal Ələkbərov və Sahib Ələkbərov quldurluq ediblər, hər bir adamın evini, əmlakını ələ keçiriblər, çox ciddi böyük cinayətlər törədiblər. Mənə qarşı elədikləri cinayətlərin həddi-hüdudu yoxdur. 2 milyon dollar məndən pul aldılar. Bunun nəticəsində evimi satdırıblar, bu gün kirayədə qalıram. Övladlarımın adına banklardan kredit götürüblər, onları da ödəyə bilmirik, yaman günə qalmışıq. Bu gün mən məhkəmədə mən çıxış edəcəm, onların gözləmədiyi faktlar açıqlayacam”.