6 Noyabr 2021
Mətni dəyiş
Bakı şəhəri Xəzər rayon məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Aqil Hümbətovun vəkilinin şikayətini təmin etməyib.
Şikayət Xəzər rayon Prokurorluğunun fəalın yerli polis bölməsində saxlanıldıqdan sonra işgəncələrə məruz qalması ilə bağlı cinayət işi açmaqdan imtina qərarından verilmişdi.
Vəkil Nemət Kərimlinin verdiyi məlumata görə, müdafiə tərəfi məhkəmənin qərarından apellyasiya şikayəti verəcək.
Hümbətov bu il avqustun 11-də saxlanılıb. O, CM-in 126.2.4 (qəsdən sağlamlığa ağır zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) maddəsi ilə ittiham olunur. Bu maddə üzrə 6 ildən 11 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
O, Zirə sakini Yəmən Məmmədova bıçaqla xəsarət yetirməkdə ittiham olunur.
Hüquq müdafiəçilərinin qənaətinə görə, Hümbətova qarşı təxribat törədilib və fəalın həbsinin əsl səbəbi sosial şəbəkələrdə ölkə rəhbərliyini tənqid etməsidir.
Bir il əvvəl Hümbətov İnternetdə hakimiyyətin ünvanına tənqidi çıxışından sonra psixiatriya xəstəxanasına yerləşdirilmişdi.