25 Noyabr 2021
Mətni dəyiş
Maqdalena Andersson İsveçin ilk qadın baş naziri vəzifəsinə seçildikdən cəmi yeddi saat yarım sonra istefa verib.
Bu, onun büdcə təklifi qəbul edilmədikdən və Yaşıl müttəfiqləri hökuməti tərk etdikdən sonra baş verib.
Büdcə təklifi sağ populist İsveç Demokratlarının da daxil olduğu müxalifətin təqdim etdiyi təklifin lehinə rədd edilib.
İsveçin üçüncü ən böyük partiyasının əsası neo-nasist hərəkatında qoyulub. Müxalifətin büdcə təklifinin lehinə 154-ün 143-ə nisbəti ilə səs verilib.
Sosial Demokrat Partiyasının lideri Andersson ölkəyə rəhbərlik edən ilk qadın olmaqla tarix yazdıqdan sonra vəzifədən getməyin ən doğru variant olduğuna qərar verib.
"Konstitusiya praktikasına əsasən, koalisiya hökuməti partiyadan çıxanda istefa verir. Mən legitimliyi şübhə altına alınan bir hökumətə rəhbərlik etmək istəmirəm", mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Maqdalena Andersson həmçinin əlavə edib ki, növbəti seçkilərdə yenidən seçiləcəyinə ümid edir.
Qısa müddətli baş nazir olana qədər maliyyə naziri olmuş Andersson parlamentin spikeri Andreas Norlenə hələ də Sosial Demokrat bir partiyalı hökumətə rəhbərlik etməkdə maraqlı olduğunu bildirib.
349 yerlik İsveç parlamentinin spikeri Norlen, "vəziyyəti müzakirə etmək üçün" İsveçin səkkiz partiya lideri ilə əlaqə saxlayacağını söyləyib.
Cümə axşamı o, növbəti addımları elan edəcək.
Yaşıllar Partiyası onun hökumətinə dəstəyini çəksə də, baş nazir təyin etmək üçün yeni səsvermədə Anderssonun arxasında durmağa hazır olduğunu bildirib.
Yaşıllar parlamentdə büdcə məğlubiyyətindən sonra ona dəstək vermənin partiyanın maraqlarına uyğun olduğunu söyləyib.
“Arxamızda hökumətdə otura bilməyəcəyini söyləyən və razılaşdırılmış siyasət yürüdən vahid partiya (İsveç Demokratları) dayanıb. Biz seçicilərimizin gözünün içinə baxmalı və qürur hissi keçirməliyik”, – partiyanın hökumətdən getdiyini elan edən Yaşıllar Partiyasının sözçüsü Marta Stenevi bildirib.