11 Noyabr 2021
Mətni dəyiş
Hazırda müxtəlif ittihamlarla Myanmada həbsdə olan amerikalı jurnalist Denni Fensterə qarşı çərşənbə axşamı Yanqon məhkəməsində iki yeni - terror və üsyana təhrik ittihamları irəli sürülüb. Bu barədə jurnalistin vəkili məlumat verib.
Yanqonda fəaliyyət göstərən “Frontier Myanmar” onlayn xəbər jurnalının baş redaktoru Denni Fenster mayın 24-dən, ABŞ-a qayıtmaq istəyərkən Yanqon Beynəlxalq Hava Limanında saxlandıqdan bəri həbsdədir. Əvvəlcə o, cinayətə təhrik, yalan və ya qıcıqlandırıcı məlumatlar yaymaqda ittiham edilirdi.
O vaxtdan bəri Fenster müstəmləkə dövründən qalma Qanunsuz Dərnəklər Aktını pozaraq, hakim hərbi xunta tərəfindən qanunsuz hesab edilən müxalifət qrupları ilə əlaqə saxlamaqda və immiqrasiya qanunlarını pozmaqda da ittiham edilib. İnsan haqları qruplarının dediyinə görə, Qanunsuz Birliklər Aktı 1990-cı illərdə siyasi fəalları qanunsuz həbs etmək üçün istifadə edilib və hazırkı hərbi xunta tərəfindən yenidən həyata keçirilir.
Fensterin vəkili Tan Za Aun irəli sürülən yeni, terror və üsyana təhrik ittihamlarının hər ikisinin təsdiq edildiyi təqdirdə Fensteri 30 il həbs cəzası gözləyə biləcəyini deyib. Tha Za Aunun dediyinə görə, bu, əvvəlki üç ittihama görə verilən 11 il həbs cəzasına əlavə oluna bilər.
Hərbçilərin fevralın 1-də mülki hökuməti devirməsindən və ölkənin faktiki lideri Aun San Su Çi və prezidenti Vin Myinti də daxil olmaqla, bir neçə liderini həbs etməsindən sonra Myanmada xaos hökm sürür.
Ordu iddia edir ki, hökuməti hakim Demokratiya uğrunda Milli Liqası (NLD) 2020-ci ilin noyabrında keçirilən seçkilərdə saxtakarlıqların olduğuna dair ittihamları rədd etdiyinə görə devirib. NLD seçkidə böyük fərqlə qalib gəlmişdi. Yerli və beynəlxaq müşahidəçilər seçkilərin azad və ədalətli şəkildə keçirildiyini bildirmişdi.
Yerli monitorinq qrupunun məlumatına görə, xuntaya qarşı keçirilən kütləvi nümayişlər zamanı baş verən qarşıdurmalar nəticəsində 1200-ə yaxın mülki vətəndaş həlak olub.