26 noyabr 2015-ci ildə polisin Nardaran əməliyyatı zamanı güllə yarası alan və həbs olunan Cahad Babakişizadənin aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə özü ailə üzvlərinə məlumat verib.
24 yaşlı Cahad Babakişizadə ailəsinə bildirib ki, cəzaçəkmə müəssisəsində işgəncəyə məruz qalıb. Ona görə də oktyabrın 20-də 12 saylı cəzaçəkmə müəssisəsinə gətiriləndən az sonra aclığa başlayıb.
Cahad Babakişizadə əvvəllər də bu müəssisədə saxlanılıb. Lakin üç il öncə müəssisənin rəisi onun həbsxana rejiminə köçürülməsi üçün məhkəməyə təqdimat vermiş, Qaradağ Rayon Məhkəməsi də onu təmin etmişdi.
Üç il Qobustan həbsxanasında saxlandıqdan sonra o, oktyabrın 20-də yenidən bu müəssisəyə qaytarılıb.
Ailə üzvləri bildirib ki, həm Cahad Babakişizadənin özü, həm də valideynləri onun başqa cəzaçəkmə müəssisəsinə köçürülməsi üçün Penitensiar Xidmətin rəhbərliyinə müraciət ediblər. Məktublarında göstəriblər ki, Cəzaların İcrası Məcəlləsinə əsasən, məhkumun ailə üzvlərinin yaşayış yerinə yaxın müəssisədə saxlanmaq hüququ var:
“Qanunda da var ki, məhkumun ailəsinin onun yanına gedib-gələ bilməsi üçün o, daha yaxın müəssisədə saxlansın. Həm buna görə, həm də o müəssisədə əvvəldən Cahada qarşı qərəzli münasibət olduğundan onun başqa müəssisəyə köçürülməsi üçün müraciət olunmuşdu. Lakin elə müəssisəyə qaytardılar. Ora gələn kimi də əllərini qandallayıb, döyüblər. Bu da aclıq eləyib, sonra da “karsa” salıblar”.
Qanunda məhkumun həftədə iki dəfə yaxınlarıyla telefon danışığı hüququ nəzərdə tutulsa da, ailə üzvləri ondan uzun müddət xəbər ala bilmədiklərini deyir: “Çox narahat idik. Valideynləri Mirsaleh müəllimin (Penitensiar Xidmətin Əməliyyat-rejim idarəsinin rəisi) qəbuluna getdi. Müəssisənin rəis müavini vasitəsilə onunla əlaqə saxlamaq mümkün oldu. Elə onun yanında dedi ki, oktyabrın 24-dən başladığı aclığı davam etdirir, ona işgəncə verilib…”
Yaxınlarının sözlərinə görə, Cahad Babakişizadə işgəncəyə məruz qaldığını deyəndə rəis müavini telefonu ondan alıb. O, işgəncə ilə bağlı deyilənləri təkzib edib. Həmçinin məhbusun köçürülməsi məsələsinin də cəzaçəkmə müəssisəsinin səlahiyyətində olmadığını bildirib.
Meydan TV əməkdaşı da rəis müavini ilə telefon danışığının səs yazısını dinləyib.
Penitensiar Xidmət Cahad Babakişizadənin aclıq etməsi ilə bağlı məsələyə münasibət açıqlamayıb.
Cahad Babakişizadə 2015-ci il noyabrın 26-da Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadə və digərləri ilə birlikdə həbs olunarkən 18 yaşı vardı. O, Nardaranda polis əməliyyatı keçirilən, Əbülfəz Bünyadova məxsus evin yanında yaşayır. Cahad Babakişizadə məhkəmədə ifadəsində bildirib ki, əməliyyat keçiriləndə səs-küy eşidib və həmin istiqamətə gedib. Hasardan baxanda polislərin atdığı güllələrdən biri ona dəyib. Daha sonra polislər digərləri ilə yanaşı, onu da tutub aparıblar. Ona 14 il 6 ay həbs cəzası verilib.
O, terror hazırlama, dövlət çevrilişinə cəhd və s. ittihamların yalan olduğunu bildirib. Cahad Babakişizadə ötən ilin avqust ayında da aclıq aksiyası
keçirmişdi.