"Azərbaycanda təhsil alma göstəricisi 98-99 faizdir. Elə bir uşaq yoxdur ki, onun məktəbə getmək, təhsil almaq imkanları məhdudlaşdırılsın".
Bunu İqtisadiyyat Nazirliyinin Dayanıqlı İnkişaf şöbəsinin müdiri Hüseyn Hüseynov deyib.
O qeyd edib ki, dövlət tərəfindən kifayət qədər infrastruktur yaradılıb, məktəblər tikilib, təmir edilib: "Eyni zamanda, gender məsələsi də önəmlidir. Bu gün dünyada təhsilə çıxış imkanları olmayan şagirdlərin təxminən üçdə birini qız uşaqları təşkil edir. Biz əgər müasir əmək bazarının tələblərinə danışırıqsa, inklüziv formada həyata keçirilən layihələrin böyük əhəmiyyəti var. Bu layihələr şagirdlərin məktəbdəki bilikləri ilə paralel olaraq onların əlavə bacarıqlarının artırılmasına xidmət edir".
"Qlobal iqtisadi forumunun hesablamalarına görə, bu gün məktəbə gedən şagird - on bir illik təhsil, daha sonra bakalavr, magistratura təhsilini oxuduğu iyirmi illik dövrdən sonrakı əmək bazarına daxil olanda bu gün mövcud olan peşələrin təxminən yetmiş faizə qədəri həmin vaxtda artıq mövcud olmayacaq. Deməli, istedad erkən yaşda müəyyənləşdirilməlidir. Orta məktəbdə onun bilik və bacarıqları ilə paralel əlavə bacarıqları da formalaşdırmalıdır ki, gələcəkdə ixtisas seçimi prosesində daha düzgün və müasir trendləri, innovativ yanaşmalar özündə əks etdirən ixtisas seçimi əldə etsinlər. Elə etməliyik ki, gələcəkdə əmək bazarında ixtisaslı işçiyə təlabatımızda ciddi boşluq yaranmasın"- nazirlik rəsmisi əlavə edib.