ABŞ-ın Nyu-York şəhərində bələdiyyə seçkiləri keçirilib.
Səsvermə saat 06:00-da başlayıb, 21:00-a qədər davam edib.
Seçkilərin nəticələrinə əsasən, ABŞ-ın Demokratlar Partiyasından Erik Adams siyasi kampaniyada qalib gəlib. Bununla da 61 yaşlı siyasətçi Nyu-York şəhərinin 110-cu meri olub. Erik Adams bələdiyyə sədri seçiləcəyi təqdirdə işə velosipedlə gedəcəyini vəd etmişdi.
O, 2022-ci il yanvarın 1-də Nyu-Yorkun sabiq meri Bill de Blasiodan səlahiyyətlərini təhvil alacaq.
Bruklin inzibati rayonunun rəhbəri Erik Adams ABŞ-ın Respublikaçılar Partiyasından namizəd, "Qoruyucu mələklər" mühafizə təşkilatının qurucusu və radio aparıcısı Kurtis Sliva ilə mübarizə aparırdı. 6 uşaqlı yoxsul bir ailədən olan Erik Adams siyasi fəaliyyətə başlamazdan əvvəl 22 il hüquq-mühafizə orqanlarında çalışıb və baş komissar vəzifəsinə qədər yüksəlib.