19 Noyabr 2021
Mətni dəyiş
Polşa-Belarus sərhədində qaçqınların soyuq havada günlərlə gözləməsi davam edir.
Polşa Sərhəd Mühafizəçiləri qaçqınlara təzyiqli su və gözyaşardıcı qazla cavab verib. Polşa Müdafiə Nazirliyi Kuznitsa sərhəd-keçid məntəqəsində təhlükəsizlik qüvvələri ilə qaçqınlar arasında yaşanan gərginliyin görüntülərini paylaşıb. Nazirlikdən verilən açıqlamada qeyd edilib ki, "Kuznitsa sərhəd-keçid məntəqəsinə qaçqınların hücumu dəf edilib. Hücum edənlər əsasən gənclər olub".
Nazirlik hadisələrin Belarus qüvvələrinin “nəzarəti altında” həyata keçirildiyini iddia edib. Görüntülərdə təhlükəsizlik qüvvələrinin TOMA-larla müdaxilə etdiyi, qaçqınların isə buna daşlarla cavab verdiyi görülüb.
Polşa torpağına girmək istəyən 100 mühacir həbs edilib
Polşa Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, Belarus sərhədinə yaxın Dubicze Cerkiewne kəndində Polşa ərazisinə keçməyə çalışan 100 nəfərlik immiqrant qrupu saxlanılıb. Sərhəddə Belarus təhlükəsizlik qüvvələrinin mühacirləri müşayiət etdiyi, Belarus tərəfindən Polşa təhlükəsizlik qüvvələrinə daş atıldığı bildirilib.
“Belarusun planlaşdırdığı propaqanda əməliyyatı”
Polşanın müdafiə naziri Mariuş Blaşçak baş verənlərin Belarus tərəfindən planlaşdırılan təbliğat əməliyyatı olduğunu söyləyib. "Bugünkü hücumun qarşısını aldıqlarına görə, əsgərlərə təşəkkür edirəm. Sizin sayənizdə Polşa hələ də təhlükəsizdir. Hazırda sərhəddə xidmət edən bütün əsgərlər mükafatlandırılacaq. Sizə minnətdarıq. Belarus rejiminin planlaşdırdığı təbliğat əməliyyatı ilə üz-üzəyik. Bu vəziyyəti dəyərləndirərkən diqqətli olmağı məsləhət görürəm. Böyük məsuliyyət altında olan əsgərlərimizə dəstək olaq".
2 nəfər xəstəxanaya yerləşdirilib
Sərhəd bölgəsində soyuq havada gözləyən iki qaçqının da xəstəxanaya yerləşdirildiyi bildirilib. Belarus Səhiyyə Nazirliyindən verilən açıqlamada qeyd edilib ki, son 24 saat ərzində Belarus-Polşa sərhədində 9 nəfər təcili yardım həkimlərinə müraciət edib. Onlardan ikisi xəstəxanaya yerləşdirilib.