25 Noyabr 2021
Mətni dəyiş
Baş Prokurorluq Ermənistanla Kəlbəcər və Laçın rayonlarının sərhədboyu ərazilərində noyabrın 15-16-da baş verənlərlə əlaqədar sosial şəbəkələrdə paylaşımlar etmiş şəxslərdən üçünə rəsmi xəbərdarlıq edib. Daha bir nəfər isə inzibati qaydada məsuliyyətə cəlb olunub.
Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı press-relizdə bildirilir ki, 15-16 noyabr hadisələrilə əlaqədar həqiqətə uyğun olmayan məlumatların paylaşılmasıyla bağlı araşdırmalar başlayıb:
“Müəyyən edilib ki, 4 nəfər – Ziyatay Muradov, Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyev həmin hadisələrlə bağlı sosial şəbəkələrdə ictimaiyyətdə təşvişə səbəb ola biləcək, dəqiqləşdirilməmiş məlumatlar paylaşıb”.
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində Ziyatay Muradov haqqında İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1 (qanunla yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə yol verilməsi) maddəsi ilə inzibati xəta işi başlayıb.
İş materialları baxılması məhkəməyə göndərilib.
Aqil Ələkbərov, Mehman Süleymanov və Nadir Vəliyevə isə xəbərdarlıq elan edilib.
“Bu istiqamətdə işlər davam etdirilir. Süni ajiotaj yaratmaq məqsədilə yalan və dəqiqləşdirilməmiş məlumatlar yayan kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri haqqında qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcək”, – Baş Prokurorluqdan əlavə olunub.