Gürcüstanın həbsdə olan sabiq prezidenti Mixeil Saakaşvilinin məhkəmə prosesinin aparıldığı Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında insident baş verib.
Bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda qeyd olunub ki, Tbilisi Şəhər Məhkəməsinin binası qarşısında keçirilən etiraz aksiyası zamanı 15 nəfər saxlanılıb. Yerli medianın məlumatına görə, polis aksiyanın qarşısını almaq üçün zorakılıq göstərib, gözyaşardıcı spreylərdən istifadə olunub.
M.Saakaşvili bundan öncə keçirilən məhkəmə iclaslarına gətirilməmişdi, ancaq bu prosesdə özü də iştirak etmək üçün gətirilib.
Hazırda vəziyyət gərgin olaraq qalır.
Gürcüstanın eks-prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. O, noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəyə alınıb. Əlli gün aclıq aksiyası keçirən siyasətçi noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. M.Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb.