16 Noyabr 2021
Mətni dəyiş
1992-1993-cü illərdə Gədəbəyin icra başçısı olmuş, Azərbaycan Xalq Cəbhəsi Partiyasına (AXCP) maliyyə yardımında ittiham edilərək həbs olunan Saleh Rüstəmli 10-cu gündür ki, aclığı davam etdirir. Noyabrın 15-də Saleh Rüstəmlinin bacısı və qardaşları Penitensiar Xidmətin Müalicə Müəssisəsində onunla görüşüb.
Bu barədə Meydan TV-yə Saleh Rüstəmlinin oğlu Sezgin Rüstəmov məlumat verib:
“Atamın vəziyyəti pisdir. Çox halsızdır, çətinliklə danışır. İmmunitet zəiflədiyi üçün bədənində dəhşətli ağrılar başlayıb, yata da bilmir”.
Bacı və qardaşları Saleh Rüstəmlidən aclığı dayandırmağı xahiş etsələr də, o, fikrini dəyişməyib. Sabiq icra başçısı bildirmişdi ki, aclığın 10-cu günündən sonra sudan da imtina edəcək. Lakin doğmalarının xahişlərini nəzərə alaraq, hələlik quru aclığa keçmək fikrindən daşınıb.
Saleh Rüstəmlinin vəkili Bəhruz Bayramov da onun durumunun ağır olduğunu deyir. Noyabrın 14-də müvəkkili ilə görüşən vəkilin sözlərinə görə, aclıq müddətində Saleh Rüstəmli 10 kiloqramdan çox çəki itirib. Müdafiəçi əlavə edib ki, sabiq icra başçısı hərəkət etməkdə çətinlik çəkir.
Ombudsman Aparatının nümayəndələri də noyabrın 14-də Saleh Rüstəmliyə baş çəkib.
Norveç Helsinki Komitəsi noyabrın 15-də Saleh Rüstəmli ilə bağlı bəyanat verib. Bəyanatda vurğulanıb ki, Xalq Cəbhəsinin üzvü olan Saleh Rüstəmli siyasi motivli həbsinə etiraz olaraq, aclıq edir:
“Rüstəmli bəyan edib ki, aclığa ya azad olunana, ya da vəfat edənə kimi davam edəcək. O, 2019-cu ildə ədalətsiz və siyasiləşdirilmiş məhkəmə prosesi nəticəsində, hakimiyyətin tənqidçi fəalları rahatlıqla həbs etmək üçün tez-tez istifadə etdiyi qanunsuz sahibkarlıq, narkotik cinayətlərində əsassız yerə ittiham olunaraq, 7 il azadlıqdan məhrum edilib”.
Bəyanatda daha sonra deyilir:
“İttihamda iddia olunur ki, Rüstəmli siyasi məhbus ailələrinə yardım üçün vəsait toplayırmış. Həbsindən sonra polis Rüstəmlini 17 gün ətraf aləmdən təcrid vəziyyətində saxlayıb, vəkillə görüşünə əngəl yaratmışdılar. O, məhkəmədə polislərin onu bir neçə gün vəhşicəsinə döyməsi, etiraflar etməsi üçün təzyiq göstərməsi barədə danışmışdı. Ona qarşı qeyri-insani rəftarla bağlı şikayətlər verilsə də, heç bir araşdırma aparılmamışdı”.
Norveç Helsinki Komitəsi Azərbaycan hakimiyyətini Saleh Rüstəmlini dərhal və qeyd-şərtsiz azad edilməsinə çağıran fəallar və hüquq müdafiəçiləri qruplarının kampaniyalarına qoşulduğunu da bəyan edib:
“Hakimiyyət ədalətsiz və əsassız həbs qərarının icrasına davam edə, həmçinin onun həbsdə həyatını itirməsinə tamaşa edə bilməz”.
Penitensiar Xidmət Saleh Rüstəmlinin aclıq etməsi barədə məlumatlara reaksiya verməyib.
Qarabağ döyüşçüsü olmuş Saleh Rüstəmli 1998-ci ildə oğlunun xəstəliyi ilə əlaqədar Rusiyaya gedib və o vaxtdan ailəsilə birlikdə orada yaşayırdı. 2018-ci ilin mayında bacı-qardaşını görmək üçün Azərbaycana gələn sabiq icra başçısı qardaşı və onun ailəsilə maşında gedərkən Şəmkirdə saxlanılıb. Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirilən Saleh Rüstəmliyə qarşı narkotik ittihamı irəli sürülüb. İki gün sonra onun qardaşı oğlu Vidadi Rüstəmli də eyni ittihamla saxlanıb. Onlar bu idarədə 20 günə yaxın işgəncəyə məruz qaldıqlarını bildiriblər.
Bundan sonra – mayın 25-də AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirli tutulub. Onların saxlanması ilə bağlı Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin (DİN) yaydığı birgə məlumatda iddia olunub ki, bu beş nəfər çirkli pul vəsaitlərini leqallaşdırmaqda ittiham olunurlar. İddiaya görə, Saleh Rüstəmli AXCP-yə 420 min dollar pul göndərib.
Lakin adları çəkilən şəxslər çirkli pulların leqallaşdırılması ittihamını rədd edir. Saleh Rüstəmli bildirib ki, uzun illər Xalq Cəbhəsinin üzvü olub. Rusiyada həm özü, həm də digər azərbaycanlılar qazanclarından siyasi məhbusların ailələrinə yardım məqsədilə pul göndəriblər. Təxminən iki il ərzində siyasi məhbus ailələrinə göndərilən vəsait isə 10 min dollar olardı.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Saleh Rüstəmli 7 il 3 ay, Aqil Məhərrəmov 4 il, Babək Həsənov isə 3 il azadlıqdan məhrum edilib. Vidadi Rüstəmli və Ruslan Nəsirliyə şərti cəza verilib. Sonradan Ali Məhkəmə Saleh Rüstəmlinin cəzasını 2 ay azaldıb.
Məhkəmənin hökmündə Saleh Rüstəmlinin yaxınlarına məxsus mənzil və başqa daşınmaz əmlakların, hətta atalarından qalma evin də müsadirə olunması əksini tapıb.
Babək Həsənov cəzasının başa çatmasına iki ay qalmış – martın 17-də imzalanan sonuncu əfv sərəncamı ilə azadlığa buraxıldı.
AXCP bu cinayət işinin qondarma olduğunu bəyan edib, partiyaya qarşı illərdir davam edən repressiyaların davamı kimi qiymətləndirib.